Gərginləşən ABŞ-Türkiyə münasibətləri

29 Avqust 2023 14:15 (UTC+04:00)

ABŞ-ın Yaxın Şərq siyasətində YPG, PKK kimi terror qruplaşmaları ilə əməkdaşlıq xüsusi planda yer alır. Təsadüfi deyil ki, ölkənin Nümayəndələr Palatası Pentaqonun 2024-cü il büdcəsində bu qruplaşmalara dəstək məqsədli 242 milyon dollar yardımında ayrılmasını qəbul edib. Reallıq budur ki, Vaşinqtonun məlum qruplaşmalara dəstəyi təkcə maliyyə yardımının ayırılması ilə yekunlaşmır. ABŞ terror ünsürlərini silahlandırır və onların peşəkarlığının artırılması məqsədi ilə müxtəlif kurslar təşkil edir. Bu isə həmin terror qruplaşmalara qarşı aktiv şəkildə mübarizə aparan Türkiyə üçün əlavə çətinliklər yaradır. Heç şübhəsiz ki, rəsmi Vaşinqtonun səyləri Türkiyəyə qarşı hesablanıb və bu yolla Ankaranı daimi olaraq təzyiq altında saxlamaq planlanılır.

Qardaş ölkəmiz müstəqil siyasət həyata keçirir, regional güc kimi geosiyasi proseslərdə fəallıq nümayiş etdirir, Suriya, İraq, Liviyada olan proseslərdə Ağ evin qarşısında yer alır, ölkə daxilində ABŞ-ın maraqlarının təminatçısı olan 5-ci kalon nümayəndələri "fetoçular" a qarşı fəal mübarizə aparır və bu gedişat ABŞ- nı qane etmir. Türkiyə NATO-nun əsas aparıcı dövlətlərindən biri olduğu üçün Vaşinqton Ankaraya qarşı ənənəvi vasitələrlədə təzyiq edə bilmir. Çünki bu NATO nizamnaməsinə ziddir və olacağı təqdirdə alyansın dağılması ilə nəticələnə bilər. Bu isə Çinlə mövcud münasibətlər fonunda Vaşinqtonun maraqlarına uyğun deyil. Regionun real siyasi və hərbi mənzərəsi mövcud vəziyyəti tam aydınlığı ilə ortaya qoyur. Amerika ordusunun baş qərargah rəisi ölkəsinin Yaxın Şərqdən çıxmaq fikirlərinin olmadığı kontekstində çox vacib bir açıqlama ilə çıxış etdi və bu nüans gələcək proseslərin nə qədər gərgin keçəcəyinin işarətidir. Mövcud açıqlama isə Ankaranın maraqları ilə uzlaşmır. Çünki ABŞ-ın İraq və Suriyada mövcudluğu, terror təşkilatlarına yönəlik politkası regionun istiqrarı üçün əngəldir. Qardaş ölkə özünün gələcək inkişaf perspektivlərini, vizyonunu təyin etdiyi üçün bu niyyətə çatmaq naminə ilk öncə ölkənin həm daxilində, həmdə sərhədlərində təhlükəsiz mühüt formalaşdırmalıdır. Bu fakt Ankaranı terrorla mübarizədə daha intensiv addımlar atmaqa sövq edəcək ki, buda öz növbəsində ABŞ-Türkiyə qarşıdurmasının davam edəcəyinin xəbərçisidir.

Pərviz Mirizadə

Ana Vətən Partiyasının Beynəlxalq Münasibətlər üzrə şərhçisi