Bu, vətəndaşlarımızın enerji istehlak xərclərinin azalmasına səbəb ola bilər - Millət vəkili

31 Avqust 2023 15:43 (UTC+04:00)

Nazirlər Kabineti avqustun 26-da “Binalar üçün minimum enerji effektivliyi Normaları”nı təsdiqləyib. Energetika Nazirliyindən bildirilib ki, enerji effektivliyi nəzərə alınmaqla tikinti norma və qaydalarının təkmilləşdirilməsi yeni binaların enerjiyə qənaətli şəkildə tikilməsinə gətirib çıxaracaq.

Belə ki, enerji qənaətli binalar bina mülkiyyətçilərinin, idarəçilərinin və sakinlərin enerji xərclərini azaltmaqla yanaşı, ölkənin enerji resurslarına da qənaəti təmin edir və enerjinin istehsalı və istehlakı zamanı yaranan istixana qazlarının havaya atılmasını azaldır.

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən millət vəkili Vüqar Bayromov bildirib ki, enerji səmərəliliyi ilə bağlı aparılan təhlillər göstərir ki, Azərbaycanda mavi qazın istehlakının çox olmasının əsas səbəblərindən biri enerjinin səmərəli istifadə olunmamasıdır.

"İl ərzində Azərbaycanda binalara, mənzillərə, xüsusən də qızdırmaq üçün verilən enerji, qazın həcmi 4.5 milyard kubmetrdir. Eyni zamanda, təbii ki, elektrik enerjisində səmərəliliyin gözlənilməsi və daha səmərəli metodlardan istifadə edilməsi bir tərəfdən vətəndaşlarımızın daha az elektrik enerjisi istehlak etməsinə gətirib çıxara bilər. Bu da vətəndaşlarımızın enerji istehlak xərclərinin azalmasına səbəb ola bilər. Bu təbii ki, ailə büdcəsində xərclərin azaldılması baxımından vacibdir. Digər tərəfdən də bu, nəzərə alsaq ki, Azərbaycan hazırda dörd ölkəyə elektrik enerjisi ixrac edib, 2026-cı ildən sonra həm də Avropaya elektrik enerjisi ixrac etmək niyyətindədir. Bu baxımdan da çok əhəmiyyətlidir", - deyə əlavə edib.

Millət vəkili onu da qeyd edib ki, bu, həm də bizim ixrac imkanlarımızın genişləndirilməsinə gətirib çıxara bilər.

"O baxımdan yeni qaydaların tətbiq edilməsi, enerji sahəsində səmərəliliyin gücləndirilməsi həm vətəndaşlarımızın istehlakına, eyni zamanda onların vəsaitlərinə, xərclərinin azalmasına gətirib çıxaracaq. Digər tərəfdən isə bu, xüsusən dövlətin enerjiyə qənaət etməsinə və daha çox ixrac etməsinə imkan yaradacaq".

Ayan Rzayeva