EBRD-nin birinci vitse-prezidentinin Qafqaza səfəri Azərbaycana nə vəd edir?

5 Sentyabr 2023 19:09 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Rigterinkin Cənubi Qafqaza birhəftəlik səfəri başlayır. Ermənistandan başlayan səfər Gürcüstanda davam edəcək və Azərbaycanda yekunlaşacaq.

Yurgen Riqterink EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patronenin müşayiəti ilə hər bir ölkədə hökumət rəsmiləri, mərkəzi bankların rəhbərləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək.

AYİB regionda həm özəl, həm də dövlət sektorunda 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoyub.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli AzNews.az-a açıqlama verib.

“Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan dövləti arasında müstəqillikdən üzü bəri çox sıx əməkdaşlıqlar olub, müxtəlif layihələrin birgə həyata keçirilməsinin də şahidi olmuşuq. Əsasən də 1990-2000-ci illərin əvvəllərində bir neçə sosial və iqtisadi yönümlü layihələrin donoru şəklində də çıxış edib. İndi böyük maliyyə institutlarının bölgəmizə marağı həddindən artıq artıb. Yeni logistik infrastrukturun Azərbaycandan da keçməklə Şərqi Qərbə bağlaması bir çox ölkələrin, o cümlədən beynəlxalq maliyyə qurumlarının da marağındadır”, - deyə o qeyd edib.

Ekspert bildirib ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə rəsmi Moskva üzərindən uzun illərdir qurulan bağlarda problem yaradıb.

“Çinin Avropaya mal ixracatı uzun illərdir ki, Rusiya və Belarus üzərindən həyata keçirilirdi. İndi bu logistik xətlərlə bağlı problemlər yaranıb. Çünki həm sanksiyalar, həm də Rusiyadan keçən məhsulların sığortalanması problemi var. Sığorta şirkətləri sanksiyalara görə həmin tranzit yükləri sığortalamaqdan imtina edirlər. Buna görə də beynəlxalq maliyyə qurumlarının yeni logistik xətlərin açılmasında öz maraqları var. Təbii ki, burada da Azərbaycan çox ciddi rol oynayır”.

N.Cəfərli onu da əlavə edib ki, Y. Rikteringin bölgəmizə səfəri zamanı gələcəkdə Azərbaycanı həm Zəngəzur yolu ilə Naxçıvana, həm də Türkiyə vasitəsilə Avropaya birləşdirəcək yol infrastrukturunun əhəmiyyəti də müzakirə olunacaq məsələlərdən biridir.

“Əgər bölgədə ümumi razılıqlar əldə ediləcəksə, bunların arasında Avropa Yenidənqurma və İnkişaf Bankının prioritetləri olan beynəlxalq maliyyə qurumlarının logistik yolların yenidən qurulması, aqrar sahədə, kənd təsərrüfatında və digər sahələrdə ciddi əməkdaşlıq layihələrinin də olması mümkündür”