Bu, Qarabağ ermənilərinin terrorçu qismi üçün yolun sonu deməkdir - Əziz Əlibəyli

6 Sentyabr 2023 23:23 (UTC+04:00)

Qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın “istefa”sından sonra xunta yenidən “prezident seçkiləri” keçirmək qərarına gəlib. “Seçki”nin birinci turunun sentyabrın 9-da “parlament”in növbədənkənar sessiyasında keçirilməsi planlaşdırılır. İddialara görə, separatçı rejimin “təhlükəsizlik şurası”nın “katib”i Samvel Şahramanyanın birinci turda “prezident” seçiləcəyi gözlənilir. Keçiriləcək seçki prosesinin nəticəsi necə olacaq? Yeni seçiləcək olan prezidenti də Arutyunyanın aqibəti gözləyir?

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, artıq heç nə mümkün deyil.

"Arutyunyan məsələsi zirvə idi. Rusiya Azərbaycan ərazisində hər hansı keçirilən seçkiyə şərait yaradacaqsa, bu çox böyük ölçüdə qalmaqal deməkdir. Hesab edirəm ki, belə bir seçkini keçirməkləri onların sonunu gətirəcək addımdır. Onlar seçki keçirməyə cəhd etsələr də, bu Şahramanyanın reallaşdıracağı bir proses ola bilər".

Ə.Əlibəyli onu da əlavə edib ki, digər bir versiya da var ki, bundan sonra qondarma rejimdə özünü hakim elan etmiş istənilən şəxs keçid dönəmində bir idarəetmənin rəhbəri ola bilər.

"Həmin şəxs idarəetməni tədricən Azərbaycana təhvil vermək üçün çalışmalıdır. Seçki sessiyasının keçirilməsi məsələsinə gəldikdə isə hadisələri qabaqlamağa çalışırlar. Görünür, Azərbaycanın müəyyən planlarından da məlumatlıdırlar. Azərbaycanı fakt qarşısında qoymağa çalışacaqlar. Çox ciddi bir prosesdir və məncə, bu, Qarabağ ermənilərinin separatçı və terrorçu qismi üçün yolun sonu deməkdir".

Ayan Rzayeva