Rauf Arifoğlu: "Peşəkarlar dua edir ki, Ali Baş Komandan əmr versin"

8 Sentyabr 2023 17:16 (UTC+04:00)

"Ordumuzun Ali Baş Komandanı İlham Əliyev demişdi ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ ya zorla, ya xoşluqla həll olacaq. Yəni artıq o mərhələyə gəlib çatmışıq. Ermənistan belə olan halda çalışacaq ki, gərginliyi sərhədlərə çəksin. Eyni zamanda Rusiya sülhməramlılarının bölgəsində yaşayan ermənilərlə bağlı provakasiyalar da gözlənilir".

AzNews.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

O bildirib ki, bu işin iştirakçılarından biri də Ermənistanın baş naziri Nikol Paşinyanın özüdür.

"Paşinyan indiyə qədər özünü kənara çəkirdi, siyasi rəqslər edirdi. O beynəlxalq tədbirlərdə iştirak etdiyi üçün özünü konstruktiv biri kimi göstərir, amma nəticədə ermənidir. Ola bilsin, digərlərinə nisbətən daha ağıllıdır, amma bu adam sülh müqaviləsi imzalamaq istəmir", - əlavə edib.

R. Arifoğlu vurğulayıb ki, indiki situasiyada açıq şəkildə Azərbaycan Ordusunun 3 il əvvəlki ordu olmadığını demək lazımdır.

"Keçən 3 ildə o müzəffər ordu daha çox inkişaf edib. Hadrut başda olmaqla münaqişə bölgələrində bizim komando bölmələrimiz var ki, hər biri ideoloji hazır vəziyyətdə Xankəndinə girmək həsrəti çəkirlər. Azərbaycan Ordusu onun suveren torpaqlarında bayrağımızı qaldırmaq üçün Ali Baş Komandandan əmr gözləyir. Açıq danışmaq lazımdırsa, peşəkarlar dua edir ki, bu baş versin, Azərbaycanın canı bəlalardan qurtulsun. Azərbaycan olaraq status-kvonun dəyişməsini, müharibə olmasını istəmir. Seçim ermənilərindir. O torpaqlarda bizim suveren haqlarımızı bərpa etməli, Zəngəzur dəhlizini təhvil verməlidirlər. Ya zorla, ya da xoşluqla".

Pərvanə