İsveçin əslində NATO-ya üzvlüyü uzun müddət müzakirə olunan məsələdir və Türkiyə bu məsələdə tələsmir.
Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
O bildirib ki, son vaxtlara qədər Türkiyə rəsmiləri, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğan deyirdi ki, İsveç terrorçuları dəstəkləməsin, biz də İsveçin NATO-ya gedən yoluna yaşıl işıq yandıraq:
“Sonradan Ərdoğan növbəti şərt irəli sürdü ki, Avropa İttifaqına yolumuz açılsın. Avropa İttifaqına üzvlüyümüzə kimsə mane olmasın və biz də İsveçə yaşıl işıq yandıraq. Yəni, artıq iki tələb ortaya qoydu. Əslində Ərdoğanın məsələni uzatmağının əsas səbəblərindən biri Rusiya faktorudur. Çünki İsveçin NATO-ya üzvlüyü təbii ki, NATO-nun genişlənməsi deməkdir. Bu da Rusiyanın maraqlarına ziddir və Türkiyə Rusiyanın maraqlarını təhlükə altına atmaq istəmir. Çünki Türkiyə ilə Rusiyanın çox unikal münasibətləri var”.
Şərhçi əlavə edib ki, Türkiyə bu gün NATO üzvü olsa belə, bir sıra hallarda digər NATO ölkələril iə razılaşmır:
“Bunun ən ciddi təzahürü Türkiyənin Ukraynadakı mövqeyidir. Yəni Türkiyə balanslı siyasət yeritməyə çalışır, bir sıra hallarda Rusiyanı müdafiə edir və bu, NATO-nun xarici siyasətinə zidd addımdır. Əlbəttə ki, bu, Türkiyənin özünə inamından xəbər verir. Yəni, dediyim kimi, Türkiyənin İsveçin Alyansa üzvlüyünü gecikdirməsinin təsdiqlənməsi, ərizəni ratifikasiya etməməsinin əsas səbəbləri Rusiya ilə olan münasibətlərdir.
Bu nöqteyi-nəzərdən əslində İsveçin yaxın vaxtlarda NATO-ya üzv olacağını gözləmirəm. Çünki Türkiyə ratifikasiya eləməyəcək. Hər nə qədər İsveç rəsmiləri, beynəlxalq təşkilatlar, o cümlədən NATO özü və digər müttəfiqləri rəsmi Ankaraya təzyiq eləsələr də, düşünmürəm ki, Türkiyə buna məhəl qoyacaq. Rəsmi Ankara çalışacaq ki, hazırkı situasiyadan mümkün qədər öz xeyrinə istifadə eləsin, öz maraqlarını təmin etsin. Əvvəl sadəcə terrorçuların dəstəklənməsi məsələsi idisə, sonradan Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük məsələsini də ortaya qoydu və gələcəkdə bu şərtlərin sayının artacağı istisna deyil”.
K.Novruzov bildirib ki, hətta Ərdoğan səy göstərəcək ki, Ukraynada müharibə bitənə qədər İsveç NATO-ya üzv olmasın:
“Məncə, Ərdoğan buna nail olacaq. Çünki əslində gələcək, yəni uzaq gələcəyin geosiyasi mənzərəsi məhz Ukraynadakı müharibənin nəticəsindən asılıdır. Türkiyə indiki halda Rusiya ilə münasibətləri pozmaq istəmir. Cənubi Qafqaz, Suriya və Şərqi Avropada hətta Cənubi Qafqazdak belə daşlar yerindən oynayacaq”.