Mülki Aviasiya Administrasiyasının “Elektron hökumət”ə qoşulmağa pulu yoxdur

31 İyul 2013 09:51 (UTC+04:00)
Məlum olduğu kimi, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin Fərmanının icrası məqsədi ilə Nazirlər Kabineti 417 elektron xidmət növü müəyyən edib. Mərkəzi icra hakimiyyəti orqanlarının yer aldığı həmin siyahıya Dövlət Mülki Aviasiya Administrasiyası da daxil edilib. Qəbul olunmuş qaydalara görə, qurum 4 növ elektron xidmət - Hava nəqliyyatı ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziya) verilməsi, uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi, hava nəqliyyatında sərnişin daşımalarının satışı və bronlaşdırılması üzrə fəaliyyət göstərən agentliklərə sertifikatların verilməsi və Nazirlər Kabinetinin "İxrac nəzarəti haqqında" 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarına əsasən ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazələrin verilməsi üzrə elektron xidmət göstərməlidir.

Administrasiyanın rəsmi internet saytında bu xidmətlərdən 3-ü üzrə elektron xidmət təşkil edilib. Lakin həmin xidmətlərdən heç biri indiyədək e-gov.az "elektron hökumət" portalına köçürülməyib.

Bunun səbəbi ilə bağlı AzNews.az-ın elektron sorğusuna Mülki Aviasiya Administrasiyasının hüquq şöbəsinin məsləhətçisi Emin Babayev şifahi cavab verərək bildirib ki, qurumun rəsmi saytında 3 növ elektron xidmət göstərilir: "Onlardan biri ödənişlidir. Həmin xidmətdən istifadə edərək alınan lisenziyanın qiyməti ödənilməlidir. Digər 2 xidmət isə pulsuzdur".

Bu xidmətlərin e-gov.az elektron hökumət portalına qoşulmasının gecikməsi isə bu, serverlə bağlıdır: "Mülki Aviasiya Administrasiyasının e-gov.az portalına qoşulması üçün server alınmalıdır. Bunun üçün dəfələrlə Nazirlər Kabinetinə müraciət olunsa da, heç bir nəticə yoxdur. Server kifayət qədər bahalıdır. Odur ki, Maliyyə Nazirliyi vəsait ayırmalıdır ki, server alınsın və Mülki Aviasiya Akademiyası da öz xidmətlərini e-gov.az portalına köçürsün".

Qeyd edək ki, hər ay 50 min istifadəçinin müraciət etdiyi e-gov.az "Elektron hökumət" portalında 40-a yaxın dövlət qurumunun ümumilikdə 225-ə qədər xidmətindən istifadə etmək mümkündür.

Ruhiyyə
AzNews.az