Xüsusi xidmət orqanının əməkdaşları belə əyləndilər - FOTO

31 İyul 2013 11:33 (UTC+04:00)
Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Ramazan öncəsi əməkdaşları üçün əyləncə gecəsi təşkil etməsi barədə məlumatlar yayılıb. Mətbuatda yer alan xəbərlərə görə, beləliklə də xüsusi xidmət agentləri tanınıb, onların kimliyi üzə çıxıb. Ancaq MİT mətbuatda yayılan informasiyalara aydınlıq gətirərək təşkilat tərəfindən heç bir gecənin təşkil olunmadığını bildirib. Açıqlamaya görə, bəzi MİT əməkdaşları Ramazan öncəsi ailələri ilə birlikdə Çayyolundakı meyxanaya toplaşıb: "Bu xəbər də mətbuatda MİT-in əyləncə gecəsi təşkil etməsi şəklində yayılıb".

İddialara görə, MİT xəbərin yayılmasında restoran sahibini günahlandırıb. Ancaq restoran sahibi gələnlərin MİT əməkdaşı olduğunu bilmədiyini, qaydalara əsasən belə əyləncələrdən çəkilən şəkillərin sosial şəbəkədə yerləşdirildiyini bildirib. Xüsusi xidmət əməkdaşlarının ailələri ilə birgə əyləndikləri həmin gecədə səhnəyə çıxan rəqqasə Yeliz də danışıb. Rəqqasə gələnlərin çox olduğunu bildirib: "O gecə Ramazandan əvvəlki ən yaxşı işim idi. Çox pul verdilər. Bəzi müştərilər məni masanın üstünə çıxartdı, özləri isə stulların üstünə çıxdılar".

Elnarə
AzNews.az