BMT Fransanın alətinə çevrilmədi - Azay Quliyevin şərhi

22 Sentyabr 2023 01:52 (UTC+04:00)

Fransa və Ermənistanın BMT-dəki növbəti şousu- fiaskosu başa çatdı.

Fransanın təşəbbüsü ilə Qarabağla bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının təcili iclası bu dəqilərdə başa çatdı.

Nəticə:

1) Fransa və Ermənistanın BMT TŞ-nı siyasi maraqlarının alətinə çevirmək və beynəlxalq ictimai rəyi manipulyasiya etmək, bununla Azərbaycanın əleyhinə hər hansı qərar və qətnamə qəbul etdirmək cəhdi bu dəfə də iflasa uğradı.
2) BMT TŞ-nın bütün üzvləri və dəvət edilmiş qonaqlar yenə də, birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdilər.
3) BMT TŞ-nın bir sıra üzvləri əvvəlki iclaslarda müşahidə edilməyən, lakin bizim üçün ən önəmli məsələ olan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunması prosesinin dəstəkləyən bəyanatla çıxış etdilər.

Əslində, iclasın ən yeni, yadda qalan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən hissəsi də bu idi. Fransanın Azərbaycanın əleyhinə çağırdığı iclas və müzakirələr tam əksinə, ölkəmizin reinteqrasiya ilə bağlı siyasətinin BMT TŞ-nın bir çox ölkələri tərəfindən dəstəklənməsi ilə yekunlaşdı.

Xüsusi qeyd:

a) Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycanın mövqeyini çox inamlı, dəqiq arqumentlərlə və illustrativ faktlarla çox yaxşı və peşəkar formada müdafiə etməyi bacardı.
b) Yaponiyanın mövqeyi başa düşülən olmadı, ölkəmiz haqqında müsbət heç nə demədi. Əminəm ki, bizim diplomatlar bu məsələyə diqqət yetirəcəklər.
c) Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Josef Borrel Azərbaycana qarşı qərəzli mövqe sərgilməkdə sanki, Fransa ilə yarışırdı, baxmayaraq ki, Fransanın xarici işlər naziri bu dəfə gözlənilənin əksinə olaraq ölkəmizə qarşı nisbətən az aqressiv davrandı.
Borrelin ritorikasının Şarl Mişelin istifadə etdiyi dildən daha sərt və qeyri-obyektiv olması da başqa bir müzakirənin mövzusudur.

Azay QULİYEV,

Millət vəkili