Ekspert: "Hər bir fərd özü təkbaşına lobbiçi olmağı bacarmalıdır"

23 Sentyabr 2023 21:38 (UTC+04:00)

Ötən dəfə Azərbaycan və Türkiyənin xaricdəki diasporlarının əməkdaşlığı genişləndirməsi məsələsi müzakirə olunub.
Diqqəti cəlb edən məqamlar isə G20-də Argentinanın Azərbaycan əleyhinə danışıqları və XİN-nin notası kimi proseslərdir.

Müasir dövrdə müharibələrin fəaliyyətinin çoxu media fazasındadır. Ümumiyyətlə: Azərbaycanın lobisinin inkişafı üçün hansı addımlar atılmalıdır? Nə üçün erməni diasporunun fəaliyyəti daha genişdir? Problem haradadır?

Mövzu ilə bağlı saytımıza danışan politoloq Tural İsmayılov deyib ki, Azərbaycan diaspora təşkilatlarının üzərinə artıq çox böyük bir yük düşüb.

"Özəlliklə 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin bütün dünyaya yayılması, eyni zamanda ölkəmizə qarşı fəaliyyət göstərən erməni lobbisinin çirkli pullarının təsiri altındakı siyasi dairələrin Azərbaycan əleyhinə fəaliyyətlərini və kampaniyalarını bloklamaq üçün mütləq diaspora fəaliyyəti genişlənməlidir. Azərbaycan lobbisinin inkişafı üçün dövlət tərəfindən hər bir dəstək göstərilir. Hesab edirəm ki, bu sahə üzrə məsul olan qurum Diasporalarla İş üzrə Dövlət Komitəsi də bundan sonra məsələnin daha koordinasiyalı şəkildə həyata keçirilməsinə diqqət ayırır. Sadəcə, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın təbliğatı məsələsində geniş iştirak etməsi lazımdır", - deyə o bildirib.

T. İsmayılov həmçinin əlavə edib ki, ASALA terrorçularının bu gün diaspora fəaliyyəti adı altında Avropanın və Amerikanın müxtəlif yerlərində fəaliyyət göstərdiyi bəllidir.

"Ona görə də biz ermənilərin diaspora fəaliyyəti adı altında həyata keçirdiyi çirkin təbliğatları heç vaxt örnək kimi götürməməliyik. Amma Azərbaycan diasporasının inkişafında xaricdə yaşayan soydaşlarımız fəal şəkildə iştirak etməlidir.

Özəlliklə iş adamlarımız, eyni zamanda uzun illər əvvəl başqa ölkələrə köçüb oranın vətəndaşlığını alan soydaşlarımız lobbi təşkilatlarımızla əlbir olmalı, lobbiçilik işini üstlənməlidirlər. XXI əsrin diaspor anlayışı çox genişdir. Burada təkcə diaspor təşkilatlarının fəaliyyətləri nəzərdə tutulmur. Hər bir fərd özü təkbaşına lobbiçi olmağı bacarmalıdır və eyni zamanda kompakt şəkildə ölkə maraqlarının müdafiəsi üçün əlindən gələni etməlidir", - politoloq vurğulayıb.

Millət vəkili Naqif Həmzəyev isə bildirib ki, bu gün Azərbaycan əleyhinə təzyiqlərin artırılması ilə bağlı erməni tərəfi dezinformasiyalar yaymaqdadırlar. Erməni lobbisinin birbaşa iştirakı ilə onların təsiri altında olan xarici dövlətlərdəki konqresmenlər, hüquqşünaslar, jurnalistlər, ekspertlər, dezinformasiyaları tirajlamaqda davam edirlər.

"Xüsusilə də Ermənistanda fərqli siyasi fikirlər əsasında ətrafında cəmləşmiş siyasi, hərbi qüvvələr arasında güclü çaxnaşma gedir. Hal-hazırda Ermənistan uğrunda Rusiya və Qərb dairələri arasında gizli bir savaşın şahidi oluruq. Paşinyan hökuməti Rusiya ilə münasibətlərini artıq qoruyub saxlaya bilmir. Bu baxımdan Paşinyan hökuməti Rusiyadan üz çevirərək Qərb dairələrindən daha çox dəstək almaq və öz hakimiyyətini qoruyub saxlamaq istəyir. Biz, xüsusilə də son bir ay ərzində Qərb dairələrindən Azərbaycan əleyhinə bəyanatların və çıxışların şahidi oluruq",- millət vəkili qeyd edib.

N. Həmzəyev onu da bildirib ki, bütün bunların əsası yoxdur. Çünki Azərbaycan beynəlxalq hüquqa və konvensiyalara söykənərək addımlar atır.

"Ermənistan tərəfinin yaratdığı ucuz təxribat xarakterli şoular öz bəhrəsini vermir. Azərbaycan öz mövqeyindən qətiyyən geri çəkilmir. Bu gün də region dövlətləri Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edirlər. Hansısa konqresmenlərin, jurnalistlərin, ekspertlərin erməni mövqeyindən çıxış etməsi həmin dövlətin rəsmi mövqeyi kimi qəbul edilməməlidir. Bu baxımdan da rəsmi Bakı Azərbaycana qarşı aparılan dezinformasiya və informasiya müharibəsində öz mövqeyini ortaya qoymaqdadır. Bütün bunlarla yanaşı həmin ölkələrdə Azərbaycan diasporu üzərinə çox böyük məsuliyyət düşür və xüsusilə də qeyd etməliyik ki, Şuşa bəyannaməsinin imzalanmasından sonra bütün sahələrdə olduğu kimi, diaspor sahəsində də Türkiyə-Azərbaycan diaspora nümayəndələri birlikdə fəaliyyət göstərirlər. Mən düşünürəm ki, biz Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin diaspora nümayəndələrini də bu prosesə yaxından cəlb etməliyik. Biz çalışmalıyıq ki, həmin dövlətlərin, diaspora nümayəndələri də Azərbaycanın haqq savaşında onun yanında olsunlar, informasiya müharibəsində Azərbaycana onlar da öz dəstəklərini nümayiş etdirsinlər".

Deputat Prezident İlham Əliyevin xarici telekanallara verdiyi otuzdan çox müsahibənin də informasiya blokadasının yarılmasında çox böyük rol oynadığını deyib.

"Bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyev, eyni zamanda digər rəsmilərimiz tərəfindən xarici KİV nümayəndələrinə açıqlamalar və müsahibələr verilir. Bu, müəyyən dərəcədə həmin bu blokadanın yarılmasında çox mühüm rol oynamaqdadır. Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, attaşelərin və beynəlxalq təşkilatların nümayəndələrinin də mütəmadi olaraq Qarabağa səfərləri təşkil edilir və onlar real vəziyyətlə yerindəcə tanış ola bilirlər. Bu da düşünürəm ki, çox yerində və lazımi atılmış addımdır. Bu işləri də biz davam etdirməliyik. Çünki məhz həmin diplomatik yollarla Azərbaycan həqiqətlərinin də həmin dövlətlərə çatdırılması çox önəmlidir. Ancaq bununla biz rahatlaşmamalıyıq. Hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşən işi yerinə yetirməlidir. Erməni lobbisinin təsirinə düşmüş konqresmenlər, jurnalistlər, hüquq müdafiəçiləri anlasınlar ki, onların pula satılaraq Azərbaycan əleyhinə etdikləri əməllər həmin ölkənin vətəndaşları, Azərbaycanın dostları tərəfindən qınanılır. Bu cür davam edəcəyi təqdirdə düşünürəm ki, həmin şəxslər beynəlxalq təşkilatlar geri çəkilmək məcburiyyətində qalacaqlar".

N. Həmzəyev sonda vurğulayıb ki, gec-tez Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə çatdığı kimi Ermənistanla da sülh anlaşmasının imzalanmasına nail olacaq: "Azərbaycan Ermənistanı sülhə məcbur etmək siyasətini uğurla yekunlaşdıracaq, regionumuzda uzunmüddətli və dayanıqlı sülhə nail ola biləcəyik".

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi sahəsi üzrə hazırlanmışdır.