Karvan gedir, Əli Kərimli!

25 Sentyabr 2023 12:12 (UTC+04:00)

Şahramanyanı “mənim prezidentim” adlandıran, yatmamışdan öncə hər gecə Azərbaycanı parçalanmış görməyi arzuladığını bildirən və törətdiyi konkret cinayətə görə 30 sutkalıq həbsə atılan bir ünsürə tərəfdarlarını, troll sürüsünü səfərbər etməklə örtülü dəstək verməsi azmış kimi, özü də açıq şəkildə onun müdafiəsinə qalxan Əli Kərimli, sizcə, doğrudanmı şəhidlərimizin adını uca tutur, yaxud da onların doğmalarına rəğbət bəsləyir?

Bu həmin Əli Kərimlidir ki, nə qədər mənəviyyatsız olduğu Xocalı soyqırımı günü “Üç palmada” üzə çıxan üç qəpiklik “baş redaktor”unu Azərbaycana düşmən kəsildiyini qətiyyən gizlətməyən Fransaya göndərib informasiya təxribatı üçün həmin dövlətin bəlli strukturlarının xidmətinə verib. Və heç kəsə sirr deyl ki, bütün maskası yırtıldığından, heç bir siyasi perspektivi qalmadığından qara bloqerlik edən, kim ödəyir fərqi yoxdur, muzd qarşılığında istənilən geosyasi sifarişi yerinə yetirməyə hazır biri heç zaman vətən təəssübü çəkə bilməz.

Onun Azərbaycanın öz torpaqları üzərində suverenliyini tam bərpa etməsini gözdən salan açıqlamaları da bu qəbildən olan sifarişlərdəndir. Bizim torpaqlarımız üzərində suverenliyimizi tam bərpa etməmizin kimlərin gözlərini çıxardığını isə aydın görürük. Xoşbəxtlik də burasındadır ki, elə onların Azərbaycanı yolundan döndərmək cəhdi, Əli Kərimli kimi muzdlularının cəmiyyətə təsiri nə qədərdirsə, bir o qədər uğurla nəticələnə bilər, vəssalam. Bir sözlə, karvan gedir. Həm Bakıdan Qarabağa, həm də Qarabağdan hara getməlidirsə, ora.

Sahib Alıyev

Millət vəkili