İran nüvə silahına sahiblənsə... - müsəlman dövlətindən Tehrana xəbərdarlıq

25 Sentyabr 2023 15:26 (UTC+04:00)

“Əgər İran öz nüvə proqramını uğurla inkişaf etdirsə, tezliklə Səudiyyə Ərəbistanı da nüvə bombasına sahib ola bilər”.

Bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud “Fox News” telekanalına müsahibəsində bildirib.

“Əgər onlar bunu əldə eləsələr, biz də əldə edəcəyik”, - vəliəhd şahzadə qeyd edib. Şahzadə nüvə silahına can atmadığını, lakin “İranın nüvə proqramının başqa seçim qoymadığını” vurğulayıb.

“Biz İranın nüvə bombasına malik olduğu, bizim isə malik olmadığımız vəziyyətə imkan verməyəcəyik”, - deyə Məhəmməd bin Salman əlavə edib.

Qeyd edək ki, İranla Səudiyyə arasında diplomatik əlaqələr təzəcə qaydaya düşüb. Tərəflər səfir mübadiləsi edib. Bu fonda Məhəmməd bin Salmanın xəbərdarlığı maraq doğurur. Görəsən Ər-Riyad o halda hansı yolla nüvə başlığına sahib olacaq? Bundan ötrü iki üsul var: ya onu özün istehsal etməlisən, ya da nüvə dövlətindən birindən, məsələn, ABŞ-dan xahiş etməlisən. Bəs İran atom silahına malik olarsa, digər qonşular - Azərbaycan və Türkiyənin qərarı nə olacaq və hansı varianta üstünlük verəcək. Bu məqsədlə nüvə dövləti Pakistanla anlaşmağımız mümkünmü, yoxsa ərazimizdə heç bir halda nüvə başlıqları yerləşdirməyə lüzum yox?Əli Orucov: “Düşünmürəm ki, İran nüvə dövlətinə çevrilə bilsin”

AMİP liderinin köməkçisi, siyasi ekspert Əli Orucov nüvə ölkəsinə çevrilməyin elə də asan məsələ olmadığını söylədi: “İranın nüvə proqramı hələ ötən əsrin 50-ci illərindən başlayır. İslam İnqilabı zamanı şahın devrilməsindən sonra bu proqram bir müddət masadan götürülsə də, sonradan yenə aktuallıq kəsb etdi. İran rəsmiləri nüvə proqramını dinc məqsədlər üçün həyata keçirəcəyini vəd etsə də, buna beynəlxalq aləm inanmır. Sirr deyil ki, Tehran nüvə enerjisi deyil, əslində nüvə silahı əldə etməklə, dünya supergüclərinin sırasına daxil olmağa və nüvə dövlətinə çevrilməyə can atır. Tehran rejiminin nüvə silahına malik olması təkcə region ölkələri, xüsusən də, İsrail üçün ciddi təhlükə deyil, həm də böyük faciə demək olardı. Bu həm də molla rejiminə dünyanı nüvə silahı ilə təhdid etmək və beləliklə də qlobal sülhə təhlükə yaratmaq imkanı verərdi. Odur ki, BMT Təhlükəsizlik Şurası üzvləri və Almaniya bu proqrama qarşı çıxdılar və uzun-uzadı danışıqlar apardılar. Həmçinin nüvə proqramından imtinaya məcbur etmək üçün İrana qarşı beynəlxalq sanksiyalar tətbiq olundu. İsrail təhlükəni daha çox hiss etdiyindən hətta radikal addımlar atmaqdan belə çəkinmədi. Nüvə proqramının elektron təminat sistemlərinə kiber hücumlar təşkil etdi, nüvə proqramında fəal rol alan alimlər zərərsizləşdirildi və s. Əvvəllər bu proqramın gerçəkləşməsi üçün Rusiya İrana dəstək versə də, beynəlxalq təzyiqlərdən və özünün də təhlükəyə məruz qalacağından ehtiyatlanan Moskva dəstəyini dayandırdı. Heç şübhəsiz ki, əgər Tehran rejimi nüvə dövlətinə çevrilərsə, bu, ilk növbədə Azərbaycan, İsrail və Səudiyyə Ərəbistanı üçün fəlakət olardı. Çünki molla rejimi bu üç dövləti özünün mövcudluğu və təhlükəsizliyi üçün əsas risk sayır. Baxmayaraq ki, Azərbaycanla üzdə münasibətləri normal saxlamaqda maraqlı görünür, yaxud da Səudiyyə Ərəbistanı ilə yumşalmalar var. Lakin dini təriqət yöndən sünni dövləti olaraq Səudiyyə Ərəbistanı, milli etnik zəmində isə türk dövləti Azərbaycanı İran daima rəqabətdə və mehriban düşmən obrazında görüb. Qardaş Türkiyə ilə isə, ortada çoxəsrlik bir mübarizə tarixi var. Belə olan halda regionda və beynəlxalq siyasətdə güc balansı İranın xeyrinə dəyişərsə, təbii ki, bu fonda adlarını qeyd etdiyim dövlətlər milli maraqlarını və təhlükəsizliklərini potensial rəqibdən qorumaq üçün onlar da müxtəlif yollar və vasitələr axtarmaq məcburiyyətində qalacaqlar. Səudiyyə Ərəbistanının da, Türkiyənin də nüvə silahına sahiblənməyə can atacağı təbii və qanunauyğun sayılmalıdır. Səudiyyə vəliəhdi şahzadə Salmanın narahatlığını da normal qarşılamaq lazımdır. Lakin nüvə silahının, yaxud da bu texnologiyanın əldə edilməsi elə də asan məsələ deyil. 1970-ci ildə qüvvəyə minən Nüvə Silahının Qarşısının Alınması haqqında bağlanmış müqavilədə nüvə silahının və texnologiyasının yayılmasına məhdudiyyətlər qoyulub və buna ciddi nəzarət həyata keçirilir. Digər tərəfdən nüvə silahı, atom bombası hər bir dövlətin ala biləcəyi qədər əlçatan silah da deyil. Məncə, nüvə silahına yiyələnmək uğrunda rəqabət onsuz da gərgin olan planetimizi daha böyük risklərə atır. Düşünmürəm ki, İran nüvə dövlətinə çevrilə bilsin və beləliklə də digər dövlətləri də belə bir təhlükəli yarışa çıxmağa təhrik edə bilsin”.

Niyaməddin Orduxanlı: “Rusiyanın dəstəyi ilə Türkiyə nüvə dövləti olmalıdır”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, İran nüvə ölkəsi olarsa, bu, bütün dünya üçün təhlükədir: “İran dövlətinin nüvə silahına sahib olması yolverilməzdir. Çünki molla rejimi açıq şəkildə terrorçuluğu və terror təşkilatlarını dəstəkləyir. Əhalisinin böyük hissəsinin yoxsulluq səviyyəsindən aşağı yaşayan bir dövlətin il ərzində milyonlarla dolları terror təşkilatlarına xərcləməsinin məqsədləri bəllidir. Belə bir qafa sahiblərinin əlinə nüvə silahı düşərsə, nəinki region üçün, bəşəriyyət üçün ciddi bir təhlükəyə çevrilə bilər. Sanki əqli zəif bir uşağın əlinə iti kəsici bıçaq verilib. Səudiyyə Ərəbistanın İranın nüvə silahına sahib olması ilə bağlı narahatçılıq keçirməsinə gəldikdə isə, başa düşüləndir. Və doğru qeyd edirlər. Ərəblər uzun illərdir ki, ABŞ-ın nəzarəti altındadır. ABŞ bütün tapşırıqlarını can-başla yerinə yetirir. Ancaq heç inanmıram ki, ABŞ müsəlman ölkəsinin nüvə dövlətinə sahib olmasında maraqlı olsun. Bu gün ABŞ-da islamafobiya çox geniş vüsət alıb. Bizim partiya uzun illərdir təklif edir ki, qardaş Türkiyənin nüvə dövlətinə sahib olması üçün Azərbaycan bütün imkanları ilə dəstək olmalıdır. Türkiyənin bunu əldə etmək imkanları var. Dünyanın ən çox nüvə başlığına sahib olan Rusiya ilə əməkdaşlıq etməlidir və Rusiyanın dəstəyi ilə Türkiyə nüvə dövlətinə sahib olmalıdır. Bu çox vacibdir. Tək Türkiyə üçün yox, bütövlükdə türk dünyası üçün önəmli hadisə olardı”.


Kənan Novruzov: “Rəsmi Tehran, əslində, ciddi seçim və hətta risk qarşısındadır”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov cənub qonşumuzun bu niyyətinə çatmasına imkan verilməyəcəyini düşünür: “Öncə onu deyək ki, son zamanlar İranla Səudiyyə Ərəbistanı arasında son zamanlar normallaşmağa başlayıb. Bu, yaxşı haldır. Amma İranın nüvə silahına sahib olması tərəflər arasında gərginliyin bərpası ilə nəticələnə bilər. Əlbəttə, Səudiyyə Ərəbistanı məsələyə səssiz yanaşmayacaq. Əgər İran nüvə silahına sahiblənərsə, Səudiyyə ilə ABŞ arasında əlaqələrin daha da inkişafı gözlənilən ssenaridir. Azərbaycan və Türkiyəyə gəldikdə isə, bu, bizim üçün də arzuolunan məsələ deyil. Ən azından ona görə, rəsmi Tehran sürüşkən xarici siyasət yeridir. İranın addımlarını proqnozlaşdırmaq çətindir. Tehran Bakı və Ankara ilə yenidən sərt ritorika ilə danışmağa cəhd edərsə, İranın nüvə silahına sahiblənməsi əlavə problemlərlə nəticələnə bilər. Bu mənada biz də məsələni xoş qarşılamayacağıq. Üstəlik, İranın nüvə silahından sırf müdafiə məqsədilə istifadə edəcəyinə dair ehtimal edilən iddialar qətiyyən inandırıcı olmayacaq. İranın radikal siyasəti çoxlarına məlumdur. Bəlli olduğu kimi, Rusiya nüvə silahına malikdir. İranın da nüvə silahına sahiblənməsi dünyadakı qütbləşməni sürətləndirməklə yanaşı, həm də bu iki şərq ölkəsinin Qərbə qarşı mübarizəsinin yeni mərhələyə keçməsi kimi qiymətləndirilməlidir. İranın nüvə silahına sahib olmasını beynəlxalq ictimaiyyət də yaxşı qarşılamayacaq. Bu mənada rəsmi Tehran əslində ciddi seçim və hətta risk qarşısındadır. Nüvə silahına sahib olması istiqamətindəki addımlar molla rejiminə asan başa gəlməyə bilər”.