Türkiyə-Azərbaycan münasibətləri dünya dövlətləri üçün də nümunəvidir - Millət vəkili

25 Sentyabr 2023 17:24 (UTC+04:00)

"Heç kəsə sirr deyildir ki, Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter kəsb edir və 2021-ci ilin iyun ayının 15-də Şuşa Bəyannaməsi imzalanana qədər də bu belə idi. Lakin Şuşa Bəyannaməsi imzalandıqdan sonra hüquqi baxımından da münasibətlərimiz hərbi müttəfiqlik səviyyəsinə yüksəldi".

Bu sözləri AzNews.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili əlavə edib ki, biz bu müttəfiqliyin nəticələrini dəfələrlə görmüşük:

"İkinci Qarabağ müharibəsi dövründə, indi isə bir günlük Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi anti-terror tədbirləri çərçivəsində Türkiyə Azərbaycanın yanında olduğunu bəyan etdi, böyük siyasi dəstəyini bildirdi. Bu nöqteyi-nəzərdən sözün əsl mənasında bizim münasibətlərimiz dünya dövlətləri üçün də nümunəvidir. Cənab Ərdoğanın bu gün Naxçıvana səfəri də bir daha dostluğumuzun, qardaşlığımızın yüksək səviyyədə olduğunu təsdiqləyir. Təbii ki, bu səfər çərçivəsində ilk növbədə cənab Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında bir günlük anti-terror tədbirlərindən sonra yaranmış yeni şərait və bu şərait çərçivəsində ələlxüsus da Zəngəzur dəhlizinin reallaşması ilə bağlı atılacaq addımların müzakirə ediləcəyi bəllidir".

Elman Nəsirov bu səfərin ən yadda qalan hadisələrindən birinin də Iğdır-Naxçıvan qaz kəmərinin çəkilişi ilə bağlı məsələ olduğunu qeyd edib:

"Bu hadisə özüdə bir daha onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri bütün sferalarda inkişaf dinamikasına malikdir. Dövlətlərimiz də, xalqlarımız da, prezidentlərimiz də dost və qardaşdır. Bütün bu reallıqlar nəticə etibarilə hər iki dövlətin strateji hədəflərə çatması yolunda geniş imkanlar pəncərəsi açır, dövlətlərimiz də bu imkanlardan maksimum xalqlarımızın mənafeyi yönündə istifadə edir".

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az