“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin xüsusilə də Azərbaycan ərazilərində anti-terror tədbirləri həyata keçirildikdən sonra baş verməsi xüsusi əhəmiyyət kəsb edir”
Bu sözləri AzNews.az-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, bu səfər eyni zamanda Azərbaycana növbəti siyasi dəstək kimi dəyərləndirilməlidir.
“Digər tərəfdən Azərbaycan Prezidenti ilə müzakirə olunacaq məsələlər də onu deməyə əsas verir ki, Türkiyə ilə Azərbaycan bundan sonra da bölgədə təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyət həyata keçirəcək və sabitliyin davamlı olması, eyni zamanda bölgədə yaşayan xalqların rifahının təmin olunması üçün bütün mülki vasitələrdən istifadə edəcəklər. Mövcud şəraitdə Iğdır-Naxçıvan qaz boru kəmərinin təməlinin qoyulması və hərbi kompleksin açılışı hər iki aspektdən mühüm mesaj xarakterlidir”.
E. Mirzəbəylinin sözlərinə görə, sülhün, sabitliyin davamı və bunlara sadiqliyin nümunəsi kimi bölgədəki dövlətlərin enerji təhlükəsizliyini də təmin edə biləcək lahiyələr həyata keçirilə bilər və bunun üçün sabit bir mövqenin sərgilənməlisinə ehtiyac var.
”Zənnimcə, müzakirələr çərçivəsində önəmli olan məqamlardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. İndiki şəraitdə bunun üçün daha uyğun zəmin olduğunu düşünürəm. Hər şey təbii ki, proseslərin gedişatından asılıdır, amma bütövlükdə Türkiyə Prezidentinin səfəri hər zaman olduğu kimi bölgədə sülhün və əmin-amanlığın qorunması, həmçinin bölgə dövlətlərinin bu prosesdə aktiv iştirak etməsi və Azərbaycana dəstək baxımından mühüm əhəmiyyətə malikdir”.
Ekspert sonda vurğulayıb ki, bu səfər prinsip etibarilə həm də Azərbaycan-Türkiyə münasibətlərinin davamlı olduğunu nümayiş etdirir.
O həmçinin bildirib ki, bütün istiqamətlərdə iki ölkənin münasibətləri sabit bir şəkildə inkişaf edir.
Rəfiqə NAMAZƏLİYEVA
AzNews.az