Paşinyanın quyruqları

25 Sentyabr 2023 16:40 (UTC+04:00)

Prezident, Ali Baş Komandan İlham Əliyev xalqının duası, ordusunun rəşadəti ilə Qafqazın çibanını kökündən təmizləyir.

Təkcə tarixi günlər yaşamırıq, eyni zamanda, tarixin paradiqmalarını dəyişirik.

Türkmənçay müqaviləsindən sonra Qacar imperiyasının dörd bir yanından Qafqaza gətirilmiş, bir hissəsi Qarabağda məskunlaşdırılmış Vaspurakan erməniləri Azərbaycanı tərk etmək üçün Laçın keçidində tıxac yaradıblar.

Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə suveren ərazilərimizdə Ermənistandan, Rusiyadan, Livandan, Suiriyadan və digər ölkələrdən gətirilərək qanunuz məskunlaşdırılmış terrorçular hamıdan qabaqda gedir.

Bir neçə günə Xankəndidəki qondarma rejim, cinayətkar xunta tamamilə likvidasiya ediləcək.

Yalnız sovet dövründə Qarabağda yaşamış və ya yaşayanlardan törəmiş şəxslər vətəndaşlağımızı qəbul edə biləcəklər.

Onlardan da kim Azərbaycan pasportuna sahib olmaq istəməsə, çıxışlarına əngəl törədilməyəcək.

Qarabağa paraşütlə atılmış Ruben Vardanyan kimi parazitlər belə Azərbaycanın keçirdiyi, heç bir sutka da çəkməyən antiterror əməliyyatının nəticələrini etiraf edir, ordumuzun keçmiş DQMV-ə tam hakim olduğunu söyləyirlər. Xəlbiri göydə fırlanan qondarma rejimin informasiya mərkəzi bir neçə gün "DQR"-in tam likvidasiya olunacağının anonsunu verir. Xankəndinin enerji təchizatı sistemi Azərbaycana reinteqrasiya edilib. Çox çəkməz, digər sosial və kommunal xidmətlər də respublikamızın sisteminı qoşulacaq.

Bütün bunlar bir günlük əməliyyatın danılmaz, təkzib olunmaz nəticələrdir.

Hərbi nöqteyi-nəzərdən anti-terror əməliyyatı ildırım sürətli idi, tapşırıqlar maksimum qısa vədədə yerinə yetirməli idi. Bu cür əməliyyatlar bir çox baxımdan, o cümlədən şəxsi heyətin həyatı baxımından riskli sayılır. İzah edim. Biri var bir yüksəkliyə bir neçə sutka artilleriya zərbəsi endirəsən, biri var, bir neçə saat. Yaxud, ordu hissələrinin 50 kilometr yolu bir həftəyə getməsi ilə bir sutkaya qət etməsi arasında ciddi fərqlər var. Unutmayaq ki, qarşımızda əraziyə yaxşı bələd olan, döyüş təcrübəsinə malik, təpədən-dırnağa silahlanmış və ölüm-dirim mübarizəsi apardığını anlayan 10 minlik ordu vardı. Klassik hərb nəzəriyyəsinə görə, 10 minlik ordunu sıradan çıxarmaq üçün minimum 30 minlik qoşun lazımdır ki, birə üç nisbəti ilə tapşırıq yerinə yetirilsin. Azərbaycan ordsunun say və ən müxtəlif qoşun növləri arasında koordinasiya problemi yoxdur. Silahlı Qüvvələrimiz yüksək dəqiqlikli texnika ilə, yüksək peşəkarlıqlaq Ali Baş Komandanın tapşırığını ən qısa zamanda yerinə yetirərək düşmənin ön xəttini yardı, dərinliklərinə nüfuz etdi, PUA-larla arxa eşalonlarını və bazalarını sıradan çıxardı, müxtəlif hissələrinin arasına sızaraq Rusiya Sülhməramlılarının məsuliyyət zonasını dörd yerə böldü. Düşmənin ağ bayraq qaldırmaqdan, təslim olmaqdan, YEVLAX PRİNSİPLƏRİni qəbul etməkdən savayı yolu qalmadı.

Əməliyyatın gedişində Azərbaycanın bütün siyasi partiyaları ortaq bəyanat yaydılar, xalq-ordu-dövlət həmrəyliyinin ən gözəl nümunələrindən birini yaratdılar.

Əli Kərimli və partiyası, Cəmil Həsənli və Milli Şurası, Sevinc Osmanqızı və kanalı ən ağır məqamda özünü bu xalqdan, bu ordudan, bu dövlətdən saymadılar.

44 günlük savaşdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qazandığı tarixi zəfərə kölgə salaraq Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirməməsi üçün Ermənistan hökumətinə dolayı dəstək verən "Paşinyanın quyruqları" yenə bulanmağa, sosial şəbəkələri bulandırmağa başladılar. Hər biri canımızdan bir parça olaraq qəhrəmancasına həlak olan şəhidlərimizin, yaralanan qazilərimizin sayını bəhanə edərək.

Qəsdən edirlər!

Bilərəkdən edirlər!

"Rusiya Azərbaycan rəsmilərini Xankəndiyə buraxmır" deyən Əli Kərimli axı bu qısaömürlü yalanlarının, manipulyasiyalarının düşmənə "Artsax"ın likvidasiya olunmamasının mümkünlüyü barədə eyham olmasının fərqinə varmayacaq dərəcədə naşı siyasətçi deyi axı..

Adətən belə məqamlarda deyirdik ki, düşmən dəyirmanına, erməni dəyirmanına su tökürlər, amma dəyirmanlarını dağıtmışıq, əbəs yerə əziyyət çəkirlər.

"Əbəs yerə" əvəzinə "havayı" da yaza bilərdim, amma yerinə düşmür. Çünki bu işlər "havayı" deyil, xarici donorlar və bu donorlara təsiri olan dövlətlər qarşısında hesabatlıdırlar. NED və digər beynəlxalq donorların Azərbaycanda kimə və nə qədər qrant verdiyi açıqlanmır. Hər halda "Müdafiə xətti" kimi təşkilatların entuzazmla işləmədiyini özləri ifşa etdilər. Zaman-zaman yenə kimin əlinin kimin cibində olduğu üzə çıxacaq. Ancaq hələlik üzdə olan bir neçə məsələni sizlərə xatırlatmaq, yaddaşınızı təzələmək istəyirəm.

Gəlin, antiterror əməliyyatının arxa planına, gedişatına və nəticələrinə bir də nəzər salaq, bu kontekstdə Müsavat partiyasının üzvü ola-ola başqa bir siyasi təşkilata- AXCP-ə xidmət edən Tofiq Yaqublunun çıxışlarına diqqət edək.

1. Şuşa-Xankəndi yolun ekoloji tələblərə aksiya keçirdik. Mənim də ilk günlərdən iştirak etdiyim aksiyanın praktiki sonucu Laçında sərhəd keçid məntəqəsinin quraşdırılması oldu.

Tofiq Yaqublu həmin aksiyaya qarşı dayanmadan təbliğat aparırdı.

2. Laçında SNBM-nin quraşdırılması Xankəndidəki cinayətkar xuntaya Ermənistanın hərbi dəstəyini kəsdi.

Ancaq Tofiq Yaqublu kiriyib-kəsmədi. Bu dəfə "ermənilərə sərhəddən çıxış imkanı yaradılıb, amma quru yolları qeyri-ermənilərə bağlıdır" deyə Laçının bir qarış torpağında 44 günlük savaşdan sonra bütün alqoritmi dəyişən hadisəni aşağılamağa çalışdı.

3. Rəsmi Bakı ermənilərin "humanitar fəlakət" şousunu öz əleyhlərinə çevirdi və "milli müqəddəratın təyinindən" dəm vurduqları halda, bütün dünya bir daha gördü ki, Qarabağda ermənilər nəinki müstəqil dövlət, heç işlək bələdiyyə də qurmaq potensialına malik deyil, kənardan dəstək olmasa yavan çörək belə tapa bilməzlər.

Bu günlərdə Tofiq Yaqublu sözün birbaşa mənasında ermənilərin ağzı ilə danışır, Qarabağdakı erməni mənşəli əhalinin "qeyri-demokratik" Azərbaycanda yaşaya bilməyəcəyi barədə məlum tezislərini möhkəmləndirirdi.

4. 44 günlük müharibədən sonra Azərbaycan ATƏT-in Minsk qrupunu dəfn etdi və prosesdən kənarlaşdırdı. Eyni qaydada Ermənistanı xeyli dərəcədə kənara itələdik, Azərbaycanın iç işlərinə qarışmaması üçün bütün mümkün vasitələrlə təsir və təzyiq göstərdik.

Tofiq Yaquiblu və onun liderləri ATƏT-in Minsk Qrupunu yenidən dövriyyəyə qatmaq, Nikol Paşinyanı "demokrat və sülhpərvər" kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxdılar.

5. Yuxarıda söylədiklərimiz əks həmlə kimi Qarabağda mövcudluğunu qorumaq istəyən Rusiyanın işarəsi ilə Gədəbəydə iğtişaşlar törədildi, Söyüdlü təxribatı törədildi. Məqsədlərinə nail olmadılar, daxili sabitlik qorundu.

Tofiq Yaqublu kimilər ölkəni qarışdırmaq üçün Facebook-dan Youtuba, Youtubdan Tik-toka qaçdılar.

6. Azərbaycan həm sosial-psixoloji, həm geopolitik, həm də iqlim şərtləri baxımından ən əlverişli zamanda hərəkətə keçdi, 44 günlük müharibədə beli qırılmış işğalçı ordunun qalıqlarını 24 saat çəkmədən darmadağın etdi.

Əli Kərimli Tofiq Yaqublunun troll kimi qabağa verərək söylətdi ki, İlham Əliyev Brüssel formatında yaranan sülh şəraitinə mane olmaq üçün ordunu hərəkətə gətirib. Ardınca antiterror əməliyyatının keçirilməsində və qazanılan zəfərdə heç bir rol oynamadığını iddia etdikləri İlham Əliyevdən hesabat tələb etməyə başladılar.

7. Ermənistanın sülhpərvər görkəm alması, anti terror əməliyyatına üzdə müşahidəçi kimi yanaşması, ancaq Azərbaycan əleyhinə davalar açması, beynəlxalq arenada kampaniyalara başlaması kimi hiyləgərlikləri 3 əsas məqsədə xidmət edir:

a) Zəngəzur dəhlizinin açılmasına mane olmaq;

b) Qarabağda törətdiyi cinayətlərə görə təzminat ödəməmək.

c) Qərbi azərbaycanlıların qayıdışına mane olmaq.

Hər üç hədəfə nail olacağıq!

Amma biz bu hədəflərə nail olana qədər Tofiq Yaqublunun tükü quyruq kimi bulanmaqdan töküləcək.

Taleh ŞAHSUVARLI