''Son zamanlar baş verən proseslər, Ermənistanın Fransa kimi dövlətlərlə birləşərək yaratdığı humanitar böhran şousu, Laçın yolu ətrafındakı blokada ilə bağlı əsassız ittihamlar və bir sıra digər proseslər təbii ki, Ermənistan və ermənipərəst qüvvələrin qurduqları növbəti məkrli, hiyləgər plandır''
Bu sözləri AzNews.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
O qeyd edib ki, Azərbaycan onların səmimiyyətlərinə inanmır, bunun üçün kifayət qədər əsasımız var.
''30 ilə yaxın müddət ərzində Azərbaycanın 1 milyona yaxın qaçqın və məcburi köçkünləri oldu, 4 minə qədər insanımız birinci Qarabağ müharibəsində itkin düşdü. Onlarla bağlı heç bir məlumatın verilmədi. Həmçinin işğal olunmuş 20% ərazilərimizdə bütün yeraltı və yerüstü sərvətlərimiz, dini-tarixi abidələrimiz darmadağın edildi. Sonda xarabalıqların saxlanılması ilə bağlı prosesə rəğmən belə Azərbaycana qarşı ittihamlar səsləndirən Fransa kimi ermənipərəst dövlətlərdən, təşkilatlardan başqa heç nə gözləmək olmaz''.
X.Bəşirovun sözlərinə görə, hazırkı məqamda Azərbaycanın siyasi və diplomatik müstəvidə qəti qələbəsini davam etdirməsi və Qarabağda yaşayan ermənilərlə dil tapması, onlara humanitar yardım göndərməsi, eyni zamanda onlarla bağlı reinteqrasiya prosesini həyata keçirməsi Fransa kimi dövlətlər tərəfindən həzm edilə bilmir.
''Çünki bu, onların planlarının pozulması deməkdir. Həmin dövlətlərin hazırkı məqamda prosesə bu şəkildə yanaşmasından anlayırıq ki, onlar Azərbaycana qarşı növbəti təxribat hazırlayırlar. Bunu biz BMT Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycana qarşı növbəti qətnamənin qəbul edilməsi cəhdi ilə bağlı oyunlarının iflasa uğramasına əsaslanaraq da deyə bilərik. Hesab edirəm ki, Fransa tərəfi və eyni zamanda bir sıra ermənipərəst ölkələr və təşkilatlar humanitar fəlakət ssenarisi yaratmaqla məşğuldurlar. Orada yaşayan insanlara biz könüllü olaraq şərait yaratmışıq ki, istədikləri vaxt Ermənistan ərazisinə köçə də, qayıda da bilsinlər. Bununla belə yenə də bizə qarşı ittihamlar səsləndirilir ki, niyə ermənilər oradan gedirlər? Təbii ki, burada hər hansı bir məcburiyyət yoxdur. İstəyən şəxslər Azərbaycan Konstitusiyasına, qanunvericiliyinə əsasən digər vətəndaşlar kimi üçrəngli bayrağımızın altında sakit və təhlükəsiz şəkildə sülh şəraitində yaşaya bilərlər''.
X. Bəşirov bildirib ki, əslində Fransa və digər ermənipərəst dövlətlər, təşkilatlar, hətta Ermənistanın özü belə Azərbaycanın bu reinteqrasiya prosesi ilə bağlı atdığı addımları təqdir etməli, buna görə Azərbaycana təşəkkür etməlidirlər. Bu nümunə dünyanın ayrı-ayrı regionlarında da tətbiq edilməlidir.
''Bunun əvəzində isə biz nəyə şahid oluruq? Ermənistan bir kənara qalsın, ondan daha çox erməni olmağa çalışan Fransa və onun rəhbəri, iqtidarı, hazırkı rejimi Azərbaycana qarşı əsassız fikirlər səsləndirir. Azərbaycana qarşı qətnamələrin qəbul edilməsinə çalışır, eyni zamanda bu gün yeni bir ssenari hazırlayırlar ki, guya Azərbaycan Qarabağda və yaxud hər hansı bir ərazidə etnik təmizləmə siyasətini həyata keçirir. Düşünürəm ki, bu bir daha həmin dövlətlərin, ermənipərəst qüvvələrin və təşkilatların ikiüzlü siyasətinin davamıdır. Biz bu kimi əsassız ittihamları heç bir halda qəbul etmirik, qətiyyətlə rədd edirik. Xalq, dövlət olaraq biz özümüzün hansı təffəkkürə ,hansı təxəyyülə və hansı mövqeyə sahib olduğumuzu əməllərimizdə göstərmişik. Hesab edirəm ki, ermənipərəst qüvvələrin atdığı bütün addımlar uğursuzdur. Bu gün Azərbaycanın hansı işlər gördüyü bütün dünyanın gözü qarşısındadır. Biz həm Qarabağ müharibəsini, düşmənin təxribatlarına cavab olaraq keçirdiyimiz lokal xarakterli anti-terror tədbirlərinin hamısını zərgər dəqiqliyi ilə mülki hədəflərə qətiyyən toxunmadan sosial, səhiyyə və digər inzibati obyektlər hədəfə alınmadan yalnız və yalnız hərbi obyektləri hədəfə almaqla həyata keçirmişik. Bununlarla bağlı kifayət qədər sübutlarımız da var. Sonda isə mən düşünürəm ki, Cənubi Qafqazda ədalət, haqq, hüquq qalib gələcək. Haqqın, ədalətin də Azərbaycan tərəfdə olmasını nəzərə alaraq, Azərbaycanın atdığı bütün addımlar yekunda öz müsbət nəticələrini verəcək".
Rəfiqə NAMAZƏLİYEVA