İran Tramp da daxil olmaqla 73 amerikalıya qarşı ittiham aktı hazırlayır

27 Sentyabr 2023 17:10 (UTC+04:00)

İran məhkəmə sistemi keçmiş Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi ilə bağlı başda ABŞ-nin keçmiş prezidenti Donald Tramp olmaqla 73 amerikalıya qarşı ittiham aktı hazırlayıb.

Aznews.az xəbər verir ki, Şiraz şəhərində keçirilən tədbirdə çıxış edən İran Ədliyyə Sistemi sədrinin birinci müavini Məhəmməd Musaddiq, Süleymaninin öldürüldüyü hücumla bağlı Tehranın həyata keçirdiyi məhkəmə prosesi haqqında məlumat verib.

Süleymaninin İraq hökumətinin rəsmi dəvəti ilə Bağdadda olarkən öldürüldüyünü deyən Musaddiq bunun “İranın milli təhlükəsizliyinə qarşı açıq-aşkar terror aktı” olduğunu bildirib.

Hücumun səbəbkarlarının müəyyən edilərək mühakimə olunması üçün lazımi işlərin aparıldığını və mövzu ilə bağlı 60 cild hüquqi sənədin toplandığını bildirən Musaddiq, "Sui-qəsdə qarışan 97 nəfər müəyyən edilib. İndiyə qədər 73 amerikalıya qarşı ittiham aktı hazırlanıb. Onların arasında açıq-aşkar terror aktını sifariş edən ABŞ-nin keçmiş prezidenti Donald Tramp da var”,-deyə qeyd edib.

İranın ədliyyə rəsmisi, adları açıqlanmayan, lakin Süleymaninin öldürüldüyü hücumda rolu olduğu düşünülən 9 ölkəyə ədliyyə sahəsində əməkdaşlıq üçün ayrı-ayrı tələblər göndərildiyini və bu istəklərə cavab olaraq bəzi cavabların alındığını bildirib.

Mövsüm