ABŞ Milli Təhlükəsizlik Agentliyi “Süni İntellekt Təhlükəsizlik Mərkəzi” açacağını açıqlayıb

29 Sentyabr 2023 16:58 (UTC+04:00)

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) tərkibində “Süni İntellekt Təhlükəsizlik Mərkəzi”nin yaradılacağı açıqlanıb.

Aznews.az xəbər verir ki, Vaşinqtonda keçirilən mətbuat konfransında çıxış edən NSA-nın baş direktoru Pol Nakason bildirib ki, məqsəd agentlik daxilində yaradılacaq mərkəzlə təhlükəsizlik sistemlərində süni intellektin inkişafı və inteqrasiyasını təmin etməkdir.

Nakason bildirib ki, yeni yaradılan “Süni İntellekt Təhlükəsizlik Mərkəzi” ölkənin sənaye sektoru, eləcə də laboratoriyalar, kəşfiyyat xidmətləri, müdafiə nazirliyi və görkəmli xarici tərəfdaşlarla sıx əməkdaşlıqda işləyəcək.

ABŞ-nin milli təhlükəsizliyi, müdafiəsi və kəşfiyyatında süni intellektin əhəmiyyətinin getdikcə artdığını qeyd edən Nakason, texnologiyanın inkişafı ilə birlikdə ABŞ-nin süni intellekt sahəsində liderliyini qoruyub saxlamasının kritik olduğunu vurğulayıb.

Nakason, "Süni intellekt ölkəmiz və müttəfiqlərimiz üçün diplomatik, texnoloji və iqtisadi sahələrdə milli təhlükəsizlik baxımından getdikcə əhəmiyyətli olacaq",-deyə qeyd edib.

ABŞ prezidenti Co Bayden iyul ayında texnologiya şirkətlərinin liderləri ilə görüşündən əvvəl verdiyi açıqlamada süni intellektin “fövqəladə” imkanlar təqdim etdiyini vurğulamışdı.

Mövsüm