"Ərazimizdə yaşayacaq ermənilərin reinteqrasiyası yəni – onların azərbaycan cəmiyyətinin bir hissəsi olması istiqamətində addımlar atılır. Əlbəttə, bu məsələ təkcə onların bizimlə yaşamaq istəməklərindən yox, eyni zamanda, bizim də onları qəbul edə bilməyimizdən də çox aslıdır".
Aznews.az xəbər verir ki, bu barədə Ana Vətən Partiyası sədr müavini Yalçın Hacızadə qeyd edib.
"Erməni vəhşiliyinə, zülmünə, ağır işgəncəsinə məruz qalmış, yaxınlarını itirmiş, illərlədi torpaqlarından didərgin salınmış insanların bunları qəbul etməsi heç də asan məsələ deyil. Ona görə reinteqrasiya prosesini sürətləndirmək və hər iki tərəfin biri-birini qəbul etməsi üçün həm də ədalət təmin olunmalıdır. Yəni hər kəsin əməlinə hüquqi qiymət verilməlidir",-deyə sədr müavini bildirib.
"Hadisələrin təşkilatçılarının, iştirakçılarının hüquqi məsuliyyətə cəlb edilməsi həm də bu konteksdən çox vacibdir. Çünki Qarabağda yaşayan azərbaycanlıların da psixolojik olaraq rahat olması, daha həmin hadisələrlə bir daha qarşılaşmayacağını düşünməsi üçün həmin şəxslərin azadlıqda olmadığını bilməsi, layiq olduqları cəzaya məhkum edilmələri görməsi lazımdır. Həm də bu qarşı tərəfə olan kini də azaltmış olar",-Yalçın Hacızadə vurğulayıb.
"Əlbəttə, bu ermənilərə inanmağımız, güvənməyimiz, rahatlamağımız mənasına gəlməməlidir. Erməni zülmünü, vəhşiliyini daim bizə göstərən, xatırladan abidələr və digər xatırladıcı vasitələr hər zaman gözümüzün qarşısında olmalı, gələcək nəsillərə ötürülməlidir",-deyə Yalçın Hacızadə yekunlaşdırıb.