Maşın hansı hallarda cərimə meydançasına aparılır?

1 Avqust 2013 13:01 (UTC+04:00)
"Cərimə meydançaları" kimi tanıdığımız qorunan duracaqlara avtomobil sahibi olan hər kəsin yolu düşüb.

AzNews.az qorunan duracaqlara gedən yolu araşdırıb və məlum olub ki, həmin meydançalardan sürücü sükanına qayıdana qədər problemlərlə dolu uzun bir yol var. Hansı ki, həmin yol əlinizi cibinizə salana qədər uzanır.

Maşın cərimə meydançasına hansı hallarda aparılır

İnzibati Xətalar Məcəlləsinin 407-ci və "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydaları pozulduğu halda sahibsiz avtomobil Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər.

Maşını harada axtarmalı?

Bu məsələdə önəmli amillərdən biri də məhz budur. Məlumdur ki, qadağan olunmuş yerdə saxlanan avtomobil sahibi yanında olmadığı halda təxliyə edilir. Bəs, maşını saxladığı yerdə tapa bilməyən sürücü onu harada axtarmalıdır?

Bu məsələdə müxtəlif təcrübə var.

Şəhərimizdə təxminən 11-12 "cərimə meydançası" var. Ekspertlərin fikrincə, xaricdə "qadağan" işarəsi üzərində qoyulan telefon nömrəsinə zəng etməklə maşının hansı duracaqda olduğunu müəyyənləşdirmək mümkündür. Azərbaycanın isə bu məsələdə özünəməxsus təcrübəsi var. Sürücü maşının evakuatorla aparıldığını şahidlərdən öyrənə bilsə də, məhz hansı "meydançada" saxlanıldığını təyin etmək üçün xeyli tər tökməli olur.

Mühafizə olunan duracaq əməkdaşlarının isə xəbərdarlığın olmaması ilə bağlı maraqlı açıqlaması var: "Maşın yoxdursa, deməli, buradadı".
Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin fikrincə, maşınını qadağan olunmuş yerdə saxlayıb başqalarına əziyyət verənlər əziyyət çəkməyə layiqdir: "Sürücülər başqalarının qadağan olunmuş yerdə saxlamasından narahat olduqları halda özləri eyni səhvi edirlər. Ona görə də hər bir sürücü bu qanun pozuntusuna görə çəkdiyi əziyyətə layiqdir. Şəhərdə ən çox problem məhz sürücülərin qadağan olunmuş yerlərdə avtomobil saxlaması səbəbindən yaranır".

K.Əliyev deyir ki, maşının harada olması barədə sürücülər məlumatlandırılır: "İstanbulda maşının yerini müəyyənləşdirmək üçün saatlarla axtarmaq lazım gəlir. Mən Avropa ölkələrində də olmuşam. İndiyədək qadağan olunmuş işarənin altında nömrəyə rast gəlməmişəm. Bir çox ölkələrdə mühafizə olunan duracaqlar şəhərdən kənarda olur".

Təxliyə

Maşın aparılarkən sənədləşdirilmənin hansı şəkildə aparılması da əsas suallardandır. Məsələn, təxliyə olunan maşının içərisində sənəd, pul, qiymətli əşya ola bilər. Maşın aparılarkən sahibinin yanında olmaması və maşının içərisindəkilərin aktlaşdırılmaması hər hansı oğurluq hallarına gətirib çıxarır. K.Əliyev bu iddiaları da müxtəlif arqumentlərlə rədd edir: "Avtomobil qadağan olunan yerdə müəyyən edilərsə, bu barədə akt tərtib olunur. Elektron akt hazırlanır və anındaca elektron informasiya mərkəzinə yerləşdirilir. Maşının müayinəsi aparılır və bu da sənədləşdirilir. Üzərində hər hansı zədə varsa, həmin aktda bu, öz əksini tapır. Çünki təxliyə zamanı hər hansı hadisə baş verərsə, ziyanı təxliyə edən orqan ödəyir. Maşının içindəkilərə gəlincə, əvvəla, təxliyə avtomobilin qapıları açılmadan həyata keçirilir. İkincisi, gedin 10 sürücüyə yaxınlaşın, görün, kim maşında pul saxlayır və o nə qədər böyük məbləğdə ola bilər"?

Avtomobili mühafizə olunan duracaqdan necə çıxarmalı?

Təxliyə edilmiş avtomobillərin sahiblərinin sözlərinə görə, maşını axtarmaq üçün olduğu kimi, burada da xeyli "yollardan" keçməlisən. Əks halda, pul tökməli olacaqsınız.

Müşahidələr göstərir ki, gün ərzində qorunan dayanacaqlara aparılan maşınların sayı-hesabı yoxdur. Say-hesabın itirilməsi bir tərəfdən qorunan duracaqlara çəkilən avtomobillərin sayılmayacaq qədər çox olduğundandırsa, ikinci tərəfdən də statistikasının aparılmamasından irəli gəlir. Çünki rəqəmlərin elan olunması Dövlət Yol Polis İdarəsinin mənafeləri ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, sürücülər evakuasiya olunmuş maşınların cərimə meydançasında və müvəqqəti saxlanc yerlərində gündəlik saxlanılması üçün 30 qəpik, təxliyə üçün 20 manat, dayanma-durma nişanlarını pozduqlarına görə 22 manatadək cərimə ödəməlidirlər. Bu, yalnız sənədlər düzgün olduğu halda tətbiq edilir.

Təcrübə isə göstərir ki, sənədləri qaydasında olan sürücülərdən avtomobilinin sükanı arxasına əyləşməsi üçün 50 - 60 manat tələb olunur. Buraya evakuatorun işlətdiyi benzindən tutmuş maşının cərimə meydançasında saxlanma müddətinə qədər bir sıra şərtlər var.
Məlum olduğu kimi, təxliyə xərclərini sürücü çəkir. Qəribə olan isə odur ki, polisin çağırışı ilə həyata keçirilən təxliyə qiyməti ikiqat artır. Belə ki, yol polisi əsasən, "Avto-az" Evakuasiya Xidməti ilə əməkdaşlıq edir. İddialara görə, sıx əməkdaşlığın nəticəsidir ki, təxliyə üçün Tarif Şurasının müəyyənləşdirdiyi 20 manat əvəzinə sürücüdən 30 manat tələb edir.

Şirkətlə əlaqə saxlayaraq, qiymətlərlə maraqlandıqda isə öyrəndik ki, eyni məsafə üçün bu xidmətdən 15 manata istifadə edə bilərik.

DYP-nin şöbə rəisi isə bu qiymət fərqini qanun pozuntusu ilə əlaqələndirib: "20 manat Nazirlər Kabinetinin müəyyənləşdirdiyi məbləğdir. Sürücü bu qanun pozuntusuna yol verərsə, ondan ancaq bu məbləğ tələb olunmalıdır. Nə 15, nə də 30 manat qanuna uyğun deyil. Lakin avtomobil texniki nasazlıq üzündən yolda qalıbsa, hətta təxliyə üçün polis də zəng eləsə, orada qiyməti sürücü ilə təxliyə şirkəti razılaşdırır".

K.Əliyev sözügedən qanun pozuntusu müqabilində kəsilən qanuni cəzanı endirəməyin mümkünlüyü barədə deyilənləri isə qəti rədd edir: "Mühafizə olunan duracaq mağaza deyil ki, orada endirim kampaniyası olsun. Ola bilsin ki, sürücü mühafizə olunan duracaqda yalnız təxliyə xərcini ödəyib maşını götürsün. Qanun pozuntusuna görə cəriməni isə başqa vaxt ödəsin. Belə deyilsə, sürücü müraciət etsin, kimə və nə qədər verdiyini araşdıraq".

Ruhiyyə
AzNews.az