“Neft Daşları“ üçün yeni özül layihələndirildi

1 Avqust 2013 16:00 (UTC+04:00)
"Neft Daşları" yatağı üçün yeni 620A saylı stasionar dəniz özülünün inşası nəzərdə tutulub.


AzNews.az ARDNŞ-ə istinadən xəbər verir ki, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı Şirkətin "Neftqaztikinti" Trestidir.

8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 27 metr dərinliyində yerləşdiriləcək. 7 dayaq bloklu özül 2 hissədən - istehsalat və yaşayış sahələrindən ibarət olacaqdır ki, bu sahələr hər birinin uzunluğu 33 metr olan 2 piyada körpüsü ilə əlaqələndiriləcək.

Özül ən müasir qazma avadanlığı, vertolyot meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, 6 yanalma meydançası, 4 minik meydançası, yükqaldırma qabiliyyəti 12,5 ton olan kran, "ASTRA-20" tipli bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz ediləcək.

Bundan başqa, elektrik enerjisilə təchizatının etibarlılığını təmin etmək məqsədilə özüldə 3 ədəd dizel elektrik aqreqatı, 42 nəfərlik tanker tipli xilasetmə qayığı və hər biri 10 nəfərlik 4 xilasedici sal quraşdırılacaqdır. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

AzNews.az