Elşad Abdullayevin adı saxta dərman biznesi qalmaqalında - ŞOK

1 Avqust 2013 14:41 (UTC+04:00)
"Sabiq rektorun yaxın adamları tərəfindən şantaj və böhtanlarla üzləşmişik"

Azərbaycanda satılan saxta dərmanlarla ilgili İsveçrə hüquq-mühafizə orqanlarında aparılan araşdırma ilə bağlı məlumat vermişdik. Azərbaycan-İsveçrə Ticarət Təşkilatının sədri Elxan Həsənlinin
AzNews.az-a verdiyi məlumata görə, Azərbaycanda satılan saxta dərmanlarla bağlı Səhiyyə Nazirliyinə göndərilən sorğuya indiyədək heç bir cavab verilməyib: "Azərbaycanda dərman preparatlarının satışına və qeydiyyatına Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi nəzarət edir. Dərman preparatları ekspertizadan keçirilir və qaydalara uyğun olduğu müəyyənləşdirildikdən sonra satışına icazə verilir. Ancaq bir çox dərman preparatları qeydə alınmadan satışa çıxarılır. Bunun səbəbini öyrənmək üçün Mərkəzə göndərdiyimiz sorğuya hələ də cavab ala bilməmişik".

E.Həsənli Azərbaycan Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinə göndərilən dərmanların adlarını da açıqlayıb. Bunlar aşağıdakılardır: Alifrang, Altifen, Apetisan, Artrosola, Avidroks, Benexol, Cerebraktiv, Dekalvia, Dentasid, Diasedil, Dolopleks, Eferovit C, Ekstrafol, Enteraze, Enurezin, Essevenoz, Fastodol, Katasen, Kolpozol, Radazol, Siliver, Tearin, Ternol.

E.Həsənlinin sözlərinə görə, ümumilikdə bu cür dərmanların sayı 100-ə yaxındır: "Onların bir çoxu Misirdə istehsal olunur, ancaq dərman preparatı İsveçrədə qeydiyyatdan keçirilmiş bir şirkətin adına patentləşdirilib. Bu dərmanların tərkibinin yoxlanması üçün ekspertiza keçirilməlidir, onların bir çoxu məşhur dərman preparatlarının təkrarıdır və başqa adlar altında satışa çıxarılırlar. Bu məsələ dünya səviyyəsinə qalxsa, bu dərmanları satan şirkətlər cərimə oluna bilər".

E.Həsənli onu da qeyd edib ki, növbəti addım olaraq onlar araşdırmalarının nəticələrini Milli Təhlükəsizlik Nazirliyinə göndərməyi planlaşdırır: "Araşdırma başa çatandan sonra bütün məlumatları Milli Təhlükəsizlik Nazirliyinə göndərəcəyik. Bu məsələdə maraqlı bir vəziyyət yaranıb. Saxta dərmanların dövriyyəsilə bağlı araşdırma apardığımız mətbuatda məlum olduqdan sonra keçmiş ABU rektoru Elşad Abdullayevə yaxın adamları tərəfindən şantaj və böhtanlarla üzləşmişik. Bu şəxsin adının orqan alverində çəkilməsi əvvəldən məlum idi. Bizim araşdırmalarımıza bu cür reaksiya vermələri güman etməyə əsas verir ki, keçmiş rektorun saxta dərmanların dövriyyəsində də əli var. Bunu müəyyən etmək üçün yuxarıda sadalanan dərmanların kimlər vasitəsilə satıldığını aydınlaşdırmaq kifayətdir".


Ruhiyə
AzNews.az