YAP Gəncə şəhər təşkilatının sədri dəyişdi

1 Avqust 2013 15:20 (UTC+04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri vəzifəsinə yeni təyinat olub.

APA-nın qərb bürosunun məlumatına görə, YAP Gəncə şəhər təşkilatının bu gün keçirilən VIII konfransında bildirilib ki, təşkilatın sədri İsrafil İsmayılov öz ərizəsi ilə vəzifəsindən azad edilib və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru vəzifəsinə təyin olunub.

Konfransda YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyevin namizədliyi irəli sürülüb və seçilib.

Konfransda Azərbaycan Dövlət Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri Fuad Əliyev sədrin müavinləri, təşkilatın siyasi şurasının və idarə heyətinin üzvləri də seçiliblər.

YAP sədrinin müavini Əli Əhmədov toplantıda çıxış edərək seçkilərə hazırlıq barədə danışıb, partiyanın prezidentliyə namizədini irəli sürdüyünü açıqlayıb: "YAP-ın namizədi partiyanın sədri, Azərbaycan prezidenti İlham Əliyevdir. Bu gün Azərbaycanda vətəndaşlar siyasi seçim qarşısında deyillər. Onlar düzgün seçimlərinin təsdiq edilməsi ərəfəsindədirlər. Bunu əvvəlki seşkilər də təsdiq edib. Azərbaycan vətəndaşları keçmişi düzgün qiymətləndirərək gələcəyə inamla baxdıqlarına görə 2013-cü ilin prezident seçkilərində də İlham Əliyevə səs verəcəklər".

Sonda prezident İlham Əliyevə müraciət qəbul edilib.

AzNews.az