“Azərbaycanda təqribən 6 min baş donuz var“

1 Avqust 2013 18:00 (UTC+04:00)
Belarusda geniş yayılmaqda olan Afrika donuz taunu Azərbaycana təhlükə törətmir.

Bu barədə cümə axşamı Trend-ə Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova deyib.

Rüstəmova bildirib: "Bizdə donuzçuluq müəssisələri yoxdur. Donuzları, əsasən, Qəbələdə fərdi təsərrüfatlarda yetişdirirlər. Ölkədə təqribən 6 min baş donuz var və biz Belarusdan belə məhsul almırıq. Buna görə də Afrika donuz taununun Azərbaycanda yayılma ehtimalı çox aşağıdır".
Onun sözlərinə görə, DBX-nin əməkdaşları mütəmadi olaraq donuzların sağlamlığını yoxlayırlar, vəhşi və ev heyvanlarından götürülmüş patoloji materialları araşdırırlar.

Rüstəmova qeyd edib ki, bundan başqa, Azərbaycana idxal edilən bütün heyvandarlıq məhsulları yalnız Respublika Baytarlıq Laboratoriyasında araşdırıldıqdan sonra satışa çıxarılır.

AzNews.az