1 AVQUST - AZƏRBAYCAN DİLİ VƏ ƏLİFBASI GÜNÜ

1 Avqust 2013 18:54 (UTC+04:00)

Latın qrafikalı Azərbaycan əlifbasına keçidlə bağlı ilk qərar Xalq Cümhuriyyətinin dövründə, 1918-ci ildə qəbul edilib. Lakin Cümhuriyyətin süqutu bu prosesi yarımçıq qoyub.
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda digər türk xalqları ilə birlikdə, Azərbaycanda da latin qrafikasının tətbiqi barədə yekdil qərar verilib. Ancaq 30-cu illərdən başlayan repressiya və türk düşmənçiliyinin davamı olaraq, 1939-cu ilin 11 iyulunda Azərbaycanda kiril əlifbasına keçilməsi barədə göstəriş verilib və 1940-cı ildən tətbiqinə başlanılıb. Kiril əlfbasında Azərbaycan dilinin tələblərinə uyğun islahatlar isə 50-ci illərdə aparılıb.
Milli Azadliq Hərəkatı başlandıqdan sonra ölkəmizdə latin qrafikalı əlifbanin tətbiqi məsələsi yenidən gündəmə gəlib. 1991-ci il dekabrın 25-də prezident Ayaz Mütəllibov "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" 33 saylı fərman imzalayıb. Bu fərmanla Azərbaycanda kirill əlifbasına keçidlə bağlı 11 iyul 1939-cu il Qanunu qüvvədən düşmüş elan edilib və 40-ci ilə qədər istifadə olunan latın qrafikalı Azərbaycan əlifbasının bəzi dəyişikliklərlə bərpası təsdiqlənib.
1992-ci il sentyabrın 1-dən prezident Əbülfəz Elçibəyin birbaşa nəzarəti ilə 33 saylı prezident fərmanının tətbiqi gerçəkləşib və latın qrafikalı Azərbaycan əlifbasının 1-ci siniflərdə tədrisinə start verilib.
Prezident Heydər Əliyevin 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latin qrafikalı əlifbaya keçməsi rəsmiləşdirilib. 4 iyul 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiqi haqqında sərəncam verən Heydər Əliyev həmin il avqustun 9-da imzaladığı fərmanla "Azərbaycan Dili və Əlifbası Günü"nü təsis edib. Həmin fərmana uyğun olaraq, hər il avqustun 1-də "Azərbaycan Dili və Əlifbası Günü" qeyd edilir.
Bu tarixdən etibarən Azərbaycan dövlət dilinin tətbiqinin genişləndirilməsi sahəsində hüquqi baza təkmilləşdirilib və geniş praktik addımlar atılıb:
1. Dövlət Dili haqqında Azərbaycan Pespublikasının Qanunu (H.Əliyev, 30 sentyabr 2002-ci il );
2. Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (H.Əliyev, 2 yanvar 2003-cü il);
3. Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında fərman (İ.Əliyev, 12 yanvar 2004-cü il );
4. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə fərman ( İ.Əliyev, 12 yanvar 2004-cü il);
5. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbycan Respublikası Prezidentinin Sərəncamı (İ.Əliyev, 23 may 2012-ci il)
6. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi –texniki bazasının gücləndirilməsi haqqında qərar (İ.Əliyev, 29 may 2012-ci il). Həmin qərarla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 2 milyon manat vəsait ayırılıb.
7. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq olunması barədə Azərbaycan Respublikasının Sərəncamı (İ.Əliyev, 9 aprel 2013).
Azərbaycan Dil Qurumu hamını Azərbaycan Dili və Əlifbası Günü münasibətilə təbrik edir.

adq.az