“Qarabağ” Avropa Liqasında növbəti qələbəsini qazandı

2 Avqust 2013 07:10 (UTC+04:00)
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına start verilib. AzNews.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, qitə miqyaslı klub turnirində mübarizə aparan yeganə təmsilçimiz "Qarabağ" ilk görüşünü doğma azarkeşləri önündə keçirib.

III təsnifat mərhələsində Polşa "Pyast"ını (2:1, 2:2) mübarizədən kənarlaşdıran baş məşqçi Qurban Qurbanovun yetirmələri bu dəfə İsveçin "Gefle" klubuna gücünü göstərib.

Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda görüşə təhlükəli hücumlarla başlayan ağdamlılar fasiləyə qədər hesabı aça bilməyib. İkinci yarının sonlarında isə komandamız istəyinə nail olmağı bacarıb. Matça sonradan daxil olan Reynaldo 89-cu dəqiqədə hesabı açıb. Bu qol həm də qarşılaşmanın taleyini müəyyənləşdirib - 1:0.

Qeyd edək ki, "Qarabağ"la "Gefle" arasındakı cavab görüşü bir həftə sonra İsveçdə keçiriləcək.

Avropa Liqası

III təsnifat mərhələsi (ilk oyun)

1 avqust

"Qarabağ" (AZƏRBAYCAN) - "Gefle" (İsveç) - 1:0

QOL: Reynaldo, 89

Baş hakim: Nikolas Rainville (Fransa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

AzNews.az