Sürücülərin nəzərinə: Bakı-Sumqayıt yolunda sürət həddi azaldıldı

2 Avqust 2013 08:51 (UTC+04:00)
Bakı-Sumqayıt yolunda sürət həddi kəskin şəkildə azaldılıb

Milli.Az xəbər verir ki, Bakıdan şimal istiqamətə gedərkən "VAZ dairəsi" adlanan hissədən sonra sürət həddinin 70 km/saat olduğunu müəyyən edən yol nişanı quraşdırılıb. Saray Dövlət Yol Polisi postuna qədər başqa sürət həddi müəyyənləşdirən yol nişanı yoxdur.

Sumqayıtdan Bakı istiqamətinə gələndə isə bir neçə yerdə sürət həddinin 110 km/saat olduğunu təyin edən yol nişanı qalsa da, sürət həddini 70 km/saat müəyyənləşdirən yol nişanları quraşdırılıb. "70" nişanlarının altında həmin nişanın yalnız yük avtomobilləri üçün olduğunu göstərən köməkçi nişanlar da var.

Qeyd edək ki, həmin hissədə ötən günə qədər sürət həddi 110 km/saat idi.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. DYP rəsmisi yeni yol nişanlarından xəbərsiz olduğunu deyib və məsələni araşdırdıqdan sonra açıqlama veriləcəyini bildirib.

AzNews.az