Bakıda Azərbaycan- ABŞ biznes- forumu keçiriləcək

2 Avqust 2013 09:20 (UTC+04:00)
Bu ilin payız aylarında Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, tədbirin Bakıda keçirilməsi planlaşdırılır: "Ümumiyyətlə, ABŞ-da ixracın təşviqi ilə bağlı bir çox təşkilatlar mövcuddur. Onların biri ilə Azpromo əməkdaşlıq edərək bu tədbiri paytaxt Bakıda təşkil etməyi planlaşdırırıq".

R.Məmmədov bildirib ki, biznes-forumda müxtəlif sahələri təmsil edəcək iş adamları iştirak edəcəklər. Xüsusilə, kənd təsərrüfatı, qida sənayesi, yüngül sənaye, bərpa olunan enerji, turizm və digər sahələr əhatə olunacaq.

Azpromo rəhbəri qeyd edib ki, ABŞ tərəfi ilə təxminən 10-12 sahə üzrə bu tədbiri keçirməyi planlaşdırırıq: "Eyni zamanda, bu tədbirə ixrac imkanlarının artırılması baxımından da yanaşırıq. Azpromo ABŞ-a Azərbaycandan qeyri-neft məhsullarının ixracını artırmaq istəyir. Elə bu məqsədlə amerikalı iş adamlarını Azərbaycana dəvət edirik".

AzNews.az