İcra basçısının döyülmə xəbəri yayıldı

2 Avqust 2013 09:44 (UTC+04:00)
Lütfəli Babayevin kabinetində "qara maskalılar" tərəfindən döyüldüyü və ona xəbərdarlıq olunduğu bildirilir


"Zərdabın icra başçısı Lütfəli Babayevə lütf edilməyəcəyini iddia etmişdik. Çünki İsmayıllı üsyanından sonra prezidentin 19 fevral müşavirəsində məmurlara və onların övladlarına yönəlik xəbərdarlığı icra başçısının vecinə olmamışdı. Ona görə də bugünlərdə "qara maskalılar" icra başçının kabinetinə hücum edib, onu döyüb, sonra Bakıya aparıblar".

Bu özəl xəbəri "Yeni Müsavat"a verən qaynaq iddia edir ki, Zərdabın hazırkı başçısı 2007-ci ildə Bakı Şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun aqibətini yaşayıb. Mənbə iddia edir ki, yayılan xəbərlərə görə, Zərdabın rəhbərinə xəbərdarlıq olunub, onunla profilaktik söhbət aparılıb və özünü yığışdırması tələb olunub.

"Buna səbəb son günlər Lütfəli Babayevin adının müxtəlif hadisələrdə hallanması, son olaraq isə qardaşı oğlunun avtoxuliqanlığına görə Mingəçevirin polis rəisi ilə qırğına çıxmasıdır.

L.Babayev qardaşı oğluna qahmar çıxaraq onun həbs edilməsində Mingəçevirin polis rəisi Ələsgər Bədəlovu sərxoş olmaqda ittiham etmişdi. Bundan sonra tərəflər arasında söz "atışması" oldu və başçının qohumu 1 illik sürücülük hüququndan məhrum edildi" - deyə, mənbə qeyd bildirir.

Qaynağımız iddia edir ki, bundan əvvəl də L.Babayevin Zərdabda ondan şikayət edən qadını həbs etdirməsi, Mingəçevirdə işlədiyi dövrdə sahibkarın 65 min manatını mənimsəməsi kimi faktlar icra başçısının vəziyyətini ağırlaşdırıb, nəticədə kabinetinə "qara maskalılar" soxulub:

"Onu kabinetində döyüldüyü bildirilir. Ona əmr edilib ki, hərəkətlərində ölçü-biçili olsun, barəsində yayılan xəbərlərə son qoyulsun və əhalini incitməsin. Əks halda, vəzifəsindən kənarlaşdırılması və hətta həbs edilməsi aktuallaşacaq. Çünki son bir ay ərzində Zərdabdan saysız-hesabsız şikayətlər daxil olub və Babayev haqda Prezident Administrasiyasında dosye toplanıb. Daha sonra sərbəst buraxılıb".


AzNews.az