Anti-terror tədbirlərindən sonra bölgədə yaranan yeni reallıqlardan biri də rus sülhməramlı qüvvələrinin çıxarılması ehtiyacıdır. Məlum məsələdir ki, rus sülhməramlılarının bölgəyə yerləşdirilmə səbəbi seaparatçı qüvvələrin tərk-silah olunmasına dəstək vermək, qanunsuz erməni hərbi birləşmələrinin Qarabağı tərk etməsi prosesini intensivləşdirmək və sonrakı periodda mülki insanların təhlükəsiz şəraitdə köçürülməsinə şərait yaratmaqdır. Təxribatların qarşısının alınması da əsas missiyalardan biri idi. Lakin 3 il ərzində baş verənlər göstərdi ki, rusların Qarabağa yerləşməsi sülhməramlılıqdan başqa bütün missiyaları daşıdı. Separatçılar nəinki tərk-silah olmadı, hətta daha da resurslarla təminatlandı, sayları və qüvvələri artırıldı, təxribatlar intensivləşdi. Erməni hərbçilərinin hərbi karvanlarını müşayiət etdilər. Separatçılarla iş birliyi qurdular. Həmişə Azərbaycan tərəfdən bu davranışlara görə tənqidə məruz qaldılar. Rus hərbçilərinin gəlişi sanki ermənilərin miatsum xəyallarını dirçəltməyə yönəlmişdi. Sonda ermənilər rusları xəyanətdə ittiham etdilər. Humanitar təyinatla qarşı tərəfin istifadəsinə verilmiş Laçın yolu qanunsuz avadanlıqların, minaların daşınması üçün tranzitə çevrildi. Son illərin istehasalı olan minaların, başqa ölkələrdən gəlmiş diversiya qruplarının aşkarlanması Laçında nəzarət məntəqəsinin yerləşdirilməsi ehtiyacı yaratdı. Lakin bu da həll yolu ola bilmədi. Son vasitə anti-terror tədbirlərinin keçirilməsi oldu. Bu tədbirlər mahiyyət etibarıyla sülhməramlılarının öhdəliklərinin Azərbaycan ordusu tərəfindən yerinə yetirilməsini ehtiva edirdi. Odur ki, hal-hazırda onların Qarabağda var olması üçün artıq heç bir səbəb yoxdur. Düşünürəm ki, bu barədə tərəflər arasında da razılıq əldə olunub. Artıq bi neçə kontingent bağlanılıb. Proses sürətlənəcək və 2024-cü ildə heç bir kontingentin olmayacağını ehtimal etmək olar. Və ya onlar bölgədə qalsa belə funskiyaları tamamilə dəyişəcək. Söhbət Qarabağda yaşamağa razılıq vermiş erməni əsilli vətəndaşların Azərbaycan qanunvericiliyinə adaptasiya olmasından və birgəyaşayış normalarının tənzimlənməsinə dəstək olmaqdan gedir. Belə hal baş verərsə, düşünürəm ki, Türkiyə kontingentinin də bölgədə paralel olaraq yerləşmdirilmə ehtiyacı yarana bilər.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi