İran Azərbaycanı İslam dünyasına düşmən kimi göstərmək istəyir - Ekspert

10 Oktyabr 2023 18:10 (UTC+04:00)

“Aydın məsələdir ki, rəsmi Təl-Əviv qəfil şəkildə ovlanıb, müharibəni görə bilməyib. Nə İsrail kəşfiyyatı, nə də Amerika kəşfiyyatı bunu əvvəlcədən təxmin etməyib”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi sözlərinə əlavə olaraq bildirib ki, HƏMAS-ın əsas dəstəkçilərindən biri yox, elə əsas maliyyə qaynağı və texnoloji dəstəkçisi İran və Hizbullahdır.

“Həmçinin İrana yaxın qruplaşmalardır. Əlbəttə ki, Azərbaycanla İsrail arasındakı münasibətlər də İranın xoşuna gəlmir. SEPAH bu yaxınlarda Azərbaycan əleyhinə video paylaşıb. Bu münaqişədən istifadə edib Azərbaycanı İslam dünyasına düşmən kimi göstərəcək və təzyiq altında qoyacaq. Amma bu məsələdə Azərbaycan dövləti çox ağıllı bir yol tutub, orta mövqe sərgiləyir. Belə ki, nə açıq şəkildə İsraili, nə də Fələstini dəstəkləyir. Sülhün yaradılmasına çalışır, orta mövqe ortaya qoyur. Yəni əsirlər qaytarılsın, eskalasiya azalsın, müharibə dayansın və münaqişə səviyyəsi aşağı düşsün. Azərbaycan hər iki tərəfi sülhə çağırır. Beləliklə bir tərəfdən İranın Azərbaycanı islam düşməni kimi göstərməsinə icazə vermir. Yəni bu bəhanəsinin qarşısını alır. Digər tərəfdən isə normal münasibətlərini qoruyub saxlamağa davam edir.

Bu münaqişə daha çox Qəzza zolağı, İsrail , Fələstin, HƏMAS ətrafında, yəni həmin regionda baş verəcək. Heç bir halda Azərbaycana, Cənubi Qafqaza eskalasiyanın sıçrayacağını düşünmürəm”.

Rəfiqə NAMAZƏLİYEVA