Seçicilərə son ana qədər “səsvermə“ şəraiti yaradılmalıdır - MSK

2 Avqust 2013 10:59 (UTC+04:00)
Seçki günü son ana qədər növbədə durmuş seçicilər üçün səsvermə şəraiti yaradılmalıdır.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda MSK Katibliyinin müdiri Rövzət Qasımov bildirib.

5 gün davam edən kursun son günündə DSK sədrləri qarşısında "Prezident seçkilərində nəticələrin müəyyən edilməsi prosesində dairə və məntəqə seçki komissiyalarının rolu" mövzusunda çıxış edən MSK Katibliyinin müdiri qeyd edib ki, son ana qədər növbədə durmuş seçicilər üçün səsvermə şəraiti yaradılmalıdır: "Seçkilər günü proses saat 19.00-da yekunlaşsa da, məntəqəyə gələn və həmin ana qədər növbədə durmuş seçicilər üçün səsvermə şəraiti yaradılmalıdır. Səslərin sayılması prosesi zamanı isə hər hansı fasiləyə yol vermək olmaz. Bu proses fasiləsiz davam etdirilməlidir. Çünki səslərin sayılması zamanı fasiləyə çıxmaq qanunla yolverilməzdir".

Daha sonra çıxış edən Konstitusiya Məhkəməsinin (KM) hakimi Ceyhun Qaracayev deyib ki, seçki hüququ dövlətin öhdəlikləri ilə bağlıdır. Dövlətdə hüququn təminatı modeli birbaşa vətəndaş hüquqları ilə bağlıdır. Bununla yanaşı dövlət öz üzərinə pozitiv öhdəliklər də götürür. Dövlət aktiv və passiv seçki hüququ üçün şərait yaratmalıdır.

Avropadakı seçki hüququ sistemləri ilə Azərbaycandakı mövcud sistemi müqayisə edən KM-in hakimi seçkilərlə bağlı standartları müəyyən edən beynəlxalq konvensiyaya, eləcə də AŞ-nın Venesiya Komissiyasının tövsiyə və tələblərinə də toxunub. Onun sözlərinə görə, seçki hüququ məhdudaşdırıla bilər və müəyyən senzlərin olması normal haldır: "Bu həmin xalqın dövlət başçısına inamını artırır. Venesiya Komissiyasının rəyinə görə, kvotaların müəyyən olunması hüquq pozuntusu kimi qəbul edilməməlidir. Məsələn, anlaqsız şəxslər, məhkumlar üçün hansısa məhdudiyətlər qoyula bilər."

AzNews.az