“Xankəndidə Azərbaycan bayrağının ucaldılması gözlənilən hadisə idi. 2020-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında ordumuz torpaqlarımızı böyük uğurla işğaldan azad etdikdən sonra heç kimdə şübhə yox idi ki, Azərbaycan çox keçmədən bütün ərazilərimizin suverenliyini təmin edəcək”.
Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, 2020-ci ildən sonra sadəcə olaraq, biz yenə də böyük dövlət təmkini nümayiş etdirdik.
"Ermənilərə dəfələrlə çağırış etdik ki, onlar öz mövcudluqlarını Azərbaycan Konstitusiyası qanunlarına tabe olmaqla Azərbaycan vətəndaşları statusunda davam etdirə bilərlər. Biz onlara reinteqrasiya çağırışları etdik və bu istiqamətdə praktiki addımlar da atdıq. Lakin görünən reallıq ondan ibarətdir ki, separatçılar Azərbaycan ərazisində yaşayan erməniləri də öz təsirləri altında saxlayırdılar. Belə olduğu halda da 2023-cü il sentyabrın 19-u və 20-i lokal xarakterli anti-terror tədbirləri görməklə separatizmə son qoyduq. Separatçılar cəmi 23 saat tab gətirə bildilər”.
E.Mirbəşiroğlu qeyd edib ki, bu hadisələr Azərbaycanın müstəqilliyi tarixinin yeni bir səhifəsidir.
“Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzlə mövcud olmaqdayıq. Yəni bu, SSRİ-nin süqutundan sonra Azərbaycan tarixinin şanlı, şərəfli bir səhifəsidir. Bundan sonra Azərbaycan sözün əsl mənasında yeni bir obrazda beynəlxalq münasibətlərdə və iqtisadi əməkdaşlıqda bütöv ərazisi, daha böyük potensialı ilə iştirak edəcək .
Ayrıca biz Cənubi Qafqaz regionunda tam yeni geosiyasi reallıqları formalaşdırmağı bacardıq. Ermənistan və onun havadarları Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti üzərindən siyasi spekulyasiya edirdilər, müvafiq olaraq da ərazidəki ermənilərin vəziyyəti məsələsi Ermənistanın manevr imkanlarını təmin edirdi. Ermənistan hər vasitə ilə sülh müqaviləsindən yayınırdı. Azərbaycan öz ərazisində separatizmə son qoyduqdan sonra bütün ərazisi boyunca mütləq suverenliyini təmin etdikdən sonra ermənilərin əlində heç bir manevr imkanları da qalmadı, ermənilər tam könüllü şəkildə torpaqlarımızı tərk etdilər. BMT missiyası da iki dəfə bunu təsdiq etdi ki, heç kim onları qovmur. Hesab edirəm ki, bundan sonra Azərbaycanın iradəsi daha da keçərli olacaq və qələbə qazanacaqdır”.
Rəfiqə NAMAZƏLİYEVA