Əvəz Zeynallının yerini dəyişdilər

2 Avqust 2013 12:16 (UTC+04:00)
"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı avqustun 1-də 10 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Buna səbəb Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqovun 2011-ci ildə "Xural" qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya baxmaqdan imtina etməsi, iddiaçı tərəfin apellyasiya şikayəti verməsidir. O zaman "Xural" Mətbuat Şurasının onu reket qəzet elan etməsindən narazı qalaraq məhkəməyə üz tutub. Bakı Apellyasiya Məhkəməsi iddiaya baxılmama qərarını ləğv edib və iş yenidən Nərimanov məhkəməsinə göndərilib.

Jurnalistin həyat yoldaşı Məlahət Zeynallı "Media forum" saytına deyib ki, Mətbuat Şurasına qarşı iddiaya Nərimanov Rayon Məhkəməsində nə vaxt və hansı hakimin sədrliyi ilə baxılacağı hələ bilinmir: "Əvəz özünün məhkəmədə iştirakının təmin olunmasını xahiş edib. Heç kim qəzetin hüquqlarını Əvəz kimi müdafiə edə bilməz".

Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib. Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Vəkil Elçin Sadıqov "Media forum" saytına açıqlamasında bildirib ki, Əvəz Zeynallının işindən Ali Məhkəməyə təqdim olunan şikayətə sentyabrın 11-də baxılacaq.