"Onlara demişdim ki, Qarabağ sizə məzar olacaq" - MÜSAHİBƏ

17 Oktyabr 2023 18:46 (UTC+04:00)

- Vaqif bəy, müsahibəmiz Xankəndidə Azərbaycan bayrağının ucaldığı günlərə təsadüf edir. Öncə bu barədə təəssüratlarınızı bölüşmənizi istəyərdik.

- 1988-ci ildən 2020-ci ilə qədər gecə və gündüz həyatda bir arzum olub. Xankəndidə Azərbaycanın bayrağının dalğalandığı günü böyük səbrsizliklə gözləmişəm. Heç zaman da bu qələbəyə olan inamım sarsılmayıb. Nəhayət, Ali Baş Komandan bu möhtəşəm, minlərlə şəhid qanından yoğrulmuş ay-ulduzlu bayrağımızı Xankəndidə qaldırdı. Nəinki Xankəndidə, eyni zamanda Əsgəranda, Ağdərədə, Xocalıda bayrağımız dalğalandı. Artıq Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Mən özümə söz vermişdim ki, bir zaman gələcək və o zaman ürəklə Şəhidlər Xiyabanına ayaq basacağam. Diz qoyub şəhidlərimizin önündə deyəcəyəm ki, rahat yatın, qardaşlar, əminəm ki, ruhunuz şaddır. Şükürlər olsun, bu günləri görmək mənə nəsib oldu.

- 44 günlük müharibədən sonra Azərbaycanın tarixi zəfərinə kölgə salmaq istəyənlər "Xankəndi niyə alınmadı?" sualı səsləndirirdilər. Bu, bir çoxları üçün Xankəndinin azad edilməsi çağırışından çox, qələbənin miqyasını kiçiltmək fəndi idi. İndi Xankəndi azaddır, amma həmin fəndgirlər yenə müxtəlif bəhanələr uydururlar. Bir el ağsaqqalı olaraq bu cür anti-milli mövqe tutanlara nə deyərdiniz?

- Əbülfəz Elçibəyin yaxşı bir sözü vardı: "Hər şeyin zamana ehtiyacı var". Deyərdim ki, dünya düzəninə baxsınlar, beynəlxalq şəraiti qiymətləndirsinlər. 44 günlük müharibəyə kimlər kölgə salmaq istəyirsə, onlar bizdən ola bilməz. Onların qanında türk qanı axa bilməz. Azərbaycan Ordusu və cənab İlham Əliyev birlikdə çox böyük zəfərə imza atdı. Birinci Qarabağ müharibəsi iştirakçısı kimi bizim balalarımızın necə döyüşdüklərinin canlı şahidiyəm. Mən bir daha əmin oldum ki, qarşımızda heç bir qüvvə dura bilməz. Ancaq müəyyən müddət gözləmək, səbr etmək lazım idi. O zaman yetişdi və artıq biz müstəqilliyimizi bərpa etdik. Kim apardığımız haqq müharibəsinə kölgə salırsa, istər ölkə daxili, istər də xarici, yaxşı olar ki, sakit dursunlar.

- Siz Birinci Qarabağ müharibəsinin iştirakçısısınız. Torpaqlarımız işğaldan azad olunduqdan sonra doğma rayonunuz Cəbrayıla səfər etmiş, orada ermənilərin törətdiyi vandallığa bir daha şahid olmusunuz. Necə düşünürsünüz, vətən, yurd təkcə ata-baba torpaqlarında samovar çayı içmək üçündürmü?

- Mən bu yaşıma qədər ölüm görmüşəm, 20 yanvar hadisələri zamanı həbs olunmuşam, Rusiyanın dəhşətli "KQB" zindalarında olmuşam və digər yaşadığım hadisələrdə də mənim gözümdən həyatı boyu bir damla yaş gəlməyib. Ancaq Cəbrayılda həmin gün ağladım. Təbii ki, bu sevinc gözyaşları idi. Kaş elə bir imkanım olardı, xarici dövlətlərin səfirlərini birbaşa şəxsən özüm aparardım Cəbrayıla, yüzillərlə yaşadığımız torpaqların necə altını üstünə gətirdiklərini, qəbirlərimizi nə hala saldıqlarını göstərə bilərdim. Bu insanlığa sığmır, dünya çox təəssüf ki, bu vandallığa susur.

- Qarabağın bərpa prosesi gedir, bu, əlbəttə, zaman tələb edir. Ancaq bəzi "ziyalı"lar iki ayağını bir başmağa dirəyirlər ki, biz günü bu gün gedib Cəbrayılda samovar çayı içməliyik. Həm də bunu sırf hakimiyyətdə qıcıq yaratmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq üçün deyirlər. Belə ziyalılıq olarmı?

- Qarabağlılar bir an öncə öz yurdlarına qayıtmaq istəyirlər. Yurduna qayıtmaq hər bir qarabağlının arzusudur. Ağsaqqallarımız, ağbirçəklərimizin hər biri doğma rayonlarına qayıtmaqdan ötrü səbirsizlənir. Mən övladlarıma tapşırmışam ki, öldüyüm zaman məni aparıb Cəbrayılda dəfn etsinlər.

- Tarixi günlər yaşayırıq. Bu ərəfədə ən önəmli hadisələrdən biri də Azərbaycan xalqına və dövlətinə qarşı amansız cinayət törətməkdə təqsirli bilinənlərin saxlanılaraq Bakıya gətirilməsi oldu. Keçmiş komandir, hadisələrin iştirakçısı kimi bu barədə nə deyə bilərsiniz?

- Mən onların əksəriyyəti ilə əsirlərin, girovların dəyişdirilməsi prosesində görüşmüşəm. Hər dəfə onlarla görüşdə demişəm ki, sizə torpaq verdik, sizi gözümüzün üstündə saxladıq. Amma siz bizə xəyanət etmisiniz. Bu xəyanəti də Azərbaycan xalqı sizə bağışlamayacaq, Qarabağ sizə məzar olacaq! Üzlərinə qarşı bunu dəfələrlə bildirmişəm. Vaxt gələcək hər biriniz əli-qolu bağlı Azərbaycan xalqı qarşısında cavab verəcəksiniz. Kim Azərbaycana əl uzatsa, əlin kəsərik, bizim millətə dil uzadanın dilini kəsərik. Onlar da ən ağır şəkildə cəzalarını çəksinlər.

Rəfiqə NAMAZƏLİYEVA