Moldovalı Ombudsmanla bağlı mətbuat konfransı keçirildi - Bakıda

2 Avqust 2013 14:10 (UTC+04:00)
"Aureliya Qriqoriu ətrafında yaranmış vəziyyət acınacaqlıdır və son vaxtlar tək ona qarşı deyil, eyni zamanda onun yaxınlarına qarşı da təhdidlər edilir".


APA-nın məlumatına görə, bu barədə Moldova ombudsmanına qarşı hədələrə həsr olunmuş mətbuat konfransında "Novosti-Azərbaycan" informasiya agentliyinin rəhbəri Gülnarə Məmmədzadə bildirib. Onun sözlərinə görə, A. Qriqoriu ona olunan təzyiqlərlə bağlı agentliyə müraciət edib və Azərbaycan ictimaiyyətini, mediasını bu hadisəyə biganə qalmamağa çağırıb: "Sabah başqa siyasətçilər də həmin vəziyyətə düşə bilər. Səbəb isə Azərbaycanın hüquqlarını müdafiə etməkdir. Bu, çox ciddi faktdır".

Politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, Aureliya Qriqoriunun İrəvandakı dediyi sözlərin heç biri yalan deyil: "Çünki Ermənistanın prezidentləri Robert Koçaryan və Serj Sərkisyan da bu faktları təsdiqləyiblər. Onlar özü də bu faciənin niyə baş verdiyini izahını veriblər. Eləcə də Azərbaycan torpaqlarının 20 faizinin işğalı barədə də deyilənlər bütün dünyaya məlumdur. Heç bir yalan deməyən adam niyə təzyiqlərə məruz qalmalıdır?".

M. Əhmədoğlu əlavə edib ki, Moldova-Azərbaycan əlaqələri hazırda sınaq qarşısındadır: "Əgər Moldova Azərbaycanla əlaqələri Ermənistanla fərqli olaraq alçaldırsa, biz buna qarşı susmamalıyıq. Moldovanın Dnestryanı münaqişəsi var, bizim də Dağlıq Qarabağ münaqişəsi, yəni biz eyni vəziyyətdəyik. Ermənistan isə parçalayanların tərəfindədir.

Qriqoriunun Ermənistan parlamentindəki çıxışının yaratdığı əks-sədadan sonra Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbadyan Moldovaya səfər ediblər, amma bu barədə heç nə deməyiblər. Əgər ermənilərin deməyə sözü var idisə, niyə o zaman heç bir söz demədilər? Mən Moldova və Ukraynadakı azərbaycanlı icmalarına müraciət edirəm ki, vəziyyəti öyrənsinlər, lazım olsa, kömək üçün Bakıya müraciət etsinlər".

AzNews.az