Əli Əsədov Qaribaşvili ilə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığını müzakirə edib

26 Oktyabr 2023 19:36 (UTC+04:00)

Tbilisidə səfərdə olan Baş nazir Əli Əsədov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüş zamanı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq əlaqələrini müzakirə edib.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin məlumatında bildirilib. Qeyd olunub ki, tərəflər Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq əlaqələrinin vacibliyini müzakirə ediblər. Məlumatda bildirilib ki, Baş nazir İrakli Qaribaşvili Azərbaycanla yaxın əməkdaşlıq içərisində qarşılıqlı maraqlar əsasında enerji təhlükəsizliyi sahəsində regional əməkdaşlığı dərinləşdirməyə hazırdır.

Qeyd olunub ki, İrakli Qaribaşvili Azərbaycana Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə və tanımama siyasətinə görə təşəkkür edib.

“İrakli Qaribaşvili Əli Əsədova Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib”, - məlumatda bildirilib.

Görüşdə regionda sülh və sabitliyə xüsusi diqqət yetirildiyi qeyd olunub.