Bahar Muradovanın rəhbərlik etdiyi komitənin hesabatı - Mehriban Zeynalova ilə müzakirə

27 Oktyabr 2023 21:31 (UTC+04:00)

AzNews.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatını tanınmış ictimai xadim Mehriban Zeynalova ilə müzakirə edir

- Mehriban xanım, bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatı parlamentdə müzakirə olundu. Bu hesabatla tanışsınızmı?

- Bəli, tanışam. Hesabat Komitənin rəsmi saytında yerləşdirilib və hər kəs tanış ola bilər.

- Hesabatda bildirilir ki, Komitə 272 şəhid və qazi ailəsini ziyarət edib. Bu da sözügedən həssas təbəqə ilə işdə Komitənin müsbət rol oynadığını üzə çıxırır. Bəs, bu istiqamətdə Komitənin fəaliyyətini gücləndirmək üçün nələrə ehtiyac var?

- Hesabatda vurğulandığı kimi, Komitənin 272 şəhid və qazi ailəsini ziyarət etməsi çox müsbət haldır. Nəzərə alaq ki, bu ailələrin xüsusi diqqətə ehtiyacı var. Odur ki, hər bir dövlər qurumu bu məsələdə aktiv olmalıdır. O cümlədən komitə də Ailə, Qadın və Uşaq problemləri ilə məşğul olduğu üçün həmin ailələrin ziyarət edilməsi, ehtiyaclarının qiymətləndirilməsi, problemlərinin gündəmdə saxlanılması əsas prioritet olmalıdır. Düşünürəm ki, Komitə bu məsələnin öhdəsindən öz səlahittələri çərçivəsində layiqincə gəlir.

- Hesabatdan göründüyü qədər, Komitə Azərbaycanda ailələrin və qadın qruplarının maariflənməsinə xüsusi önəm verir, çox sayda layihələr həyata keçirir. Sizcə, bu layihələr effektivdirmi?

- Kifayət qədər müxtəlif sahələr üzrə maarifləndirmə layihələri mövcuddur. Mənə görə, maarifləndirmə vacib komponentdir. Bəzi maarifləndirmə proqramları var ki, onları həyata keçirmək üçün Komitə QHT-lərin resurslarından istifadə etsə, daha yaxşı olar. Ailələrin içindəki problemlərin qiymətləndirilməsini də aparmaq məqsədə uyğundur. Maarifləndirmə təkcə iştirakçılara məlumat vermək deyil. Həmçinin qarşı tərəfdən də məlumat almaqdır. Müsbət haldır ki, kifayət qədər məlumatlandırma kampaniyası aparılır. Hətta mən gördüm məktəblərdə, liseylərdə milli fəaliyyət planına uyğun olaraq çoxlu sayda tədbirlər keçirilir.

- Komitə ölkədə qohum evlilikləri barədə araşdırma aparıb. Bu araşdırmaların ümumi nəticəsi necədir?

- Əslində qohum evliliklərin sayı getdikcə azalır. Artıq müşahidə edirik ki, insanlar qohum evliliyindən qaçmağa cəhd göstərir. Bax, bu yaxşı göstəricidir. On il öncə qohum evliliklərinin sayı ilə bu ilki göstəricilərin sayında azalmanı müşahidə etmək elə maarifləndirmənin nəticəsidir.

- Komitə yanında İctimai Şuranın fəaliyyəti nə qədər səmərəlidir?

- Komitə yanında İctimai Şura seçilmiş heyətdir. Sözün düzü, həmin prosesin içində olmadığım üçün fəaliyyət planlarında nələrin nəzərdə tutulduğunu bilmirəm. İstənilən halda İctimai Şura Komitənin fikirlərini deyil, aşkarladığı boşluqları təqdim etməlidir və dəyişməsinə nail olmalıdır. İctimai Şura eyni zamanda mövcud problemlərin səslənməsini, həlli istiqamətində çevikliyi təmin etməlidir. Fikrimcə, bu istiqamətdə müəyyən dəyişikliklərə nail olmaq olar. Ən azından ictimai dinləmələr keçirməli və qanunvericiliklə bağlı təkliflər hazırlanmalıdır.

- Ölkədə ən ağrılı mövzulardan biri də selektiv abortdur. Selektiv abortun qarşısının alınması üçün hansı təklifləriniz var?

- Məndə belə bir rəy formalaşıb ki, qohum evlilikləri və selektiv abortlarda artıq müəyyən dəyişikliklər gözlə görünəndir. Həm erkən nigah, həm selektiv abortlar, həm də qız uşaqlarının təhsildən yayınması kimi digər məsələlərdə, o cümlədən seksual qısnama və təhrik kimi hallarla bağlı qəti addımlar atmadıqca, bunların qarşısını ala bilməyəcəyik. İlk növbədə qızların və qadınların təhlükəsizliyi prioritet məsələ olmalıdır. Təklif edirəm ki, bununla bağlı ciddi tədbirlər həyata keçirilsin. İş yerlərində qadınlara, qızlara qarşı seksual təhrikli mesajlar və məcbur etmə kimi problemlərin həlli yolu tapılmalıdır. 2021-ci ildəki gender hesabatında biz görürük ki, iş yerlərində seksual qısnama aşkarlanmayıb və bununla bağlı müraciətlər də yoxdur. Əslində isə biz faktiki olaraq bilirik ki, belə faktlar var. Belə bir düşüncə formalaşdırırlar ki, qadınlar yüksəlməkdən ötrü mütləq şəkildə kimləsə münasibətdə olmalıdır. Qadının gücünü aşağılayırlar.

- Bahar Muradovanın rəhbərliyi dövründə həm Komitənin fəaliyyətinin gücləndiyi, həm də şəffaflaşdığı deyilir. Bu rəyləri bölüşürsünüzmü?

- Bahar xanım yaxşı rəhbərlə yanaşı həm də yaxşı təşkilatçıdır. Cəmiyyətdə mühüm nüfuza malikdir. Uzun müddətli fəailiyyət sferası onu ölkədə nüfuzlu qadınlar sırasına daxil edib. Bu nüfuzu müxtəlif problemlərin həllinə kömək edir. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi Bahar xanımın fəailiyyətini izləyirəm. Qurumun rəsmi səhifəsində də Komitə öz fəaliyyəti barədə məlumatlar paylaşır. Bütün bunlar müsbətdir. Bahar xanım öz fəailiyyəti ilə diqqət mərkəzində olan rəhbərlərdəndir.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması sahəsi üzrə hazırlanmışdır.