“Qarabağın fatehləri sizi deyib gəlmişik” adlı tədbir keçirilib

30 Oktyabr 2023 21:52 (UTC+04:00)

Vətən müharibəsinə həsr olunmuş “Qarabağın fatehləri sizi deyib gəlmişik” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “Dünya musiqi xəzinəsinin incisi Muğam” İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Qarabağın fatehləri sizi deyib gəlmişik” adlı tədbir keçirilib.

Tədbirdə şəhid və qazi ailələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirin əvvəlində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir zamanı Vətən müharibəsinə həsr edilən videoçarx nümayiş olunub.

Çıxış edənlər Vətən müharibəsindən, antiterror əməliyyatlarından, qazandığımız tarixi qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən, hərbi qənimət olaraq götürülən hərbi texnika qənimətlərdən danışılıb.
Çıxışlardan sonra rəngarəng konsert proqramı təqdim edilib. “Qorqud” Foklor Ansamblı, Mərkəzi Zabitlər Evinin Rəqs Ansamblı ilə yanaşı əməkdar artist Nuriyyə Hüseynova,Gülüstan Əliyeva, əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, solist Çilənay Hüseynovanın ifalarında xalq və bəstəkar mahnıları səsləndirildi. Çıxışlar alqışlarla qarşılanıb.