Sabir Rüstəmxanlı: "İranda farslaşdırılan Azərbaycan toponimləri haqda da düşünməliyik"

31 Oktyabr 2023 20:46 (UTC+04:00)

“Adlar millətin yaddaşıdır. Yaddaşsız millətin gələcəyi ola bilməz. Yer-yurd adları ilə yanaşı son 200 ildə İranda, Çar Rusiyasının işğal etdiyi torpaqlarda, Cənubi Qafqazda azərbaycanlılara məxsus olan torpaqların bir hissəsi ermənilərə verilmişdi. Ermənilər orada illər uzunu bizim olan kənd, şəhər, dağ, dərə və digər yerlərimizin adlarını vəhşicəsinə dəyişdirdilər. Heç bir hüquqa sahib olmadan insanlığa dəyər qoymadılar”.

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, millətimizin adının və əlifbamızın bir neçə dəfə dəyişdirilməsində məqsəd milləti öz kökündən qoparmaq, yadlaşdırmaq idi.

“Onlar türklərin izini silməyə çalışırdılar. Burda da eyni proses Azərbaycandan daha çox təbii ki, Ermənistan ərazisində gedib. Azərbaycan dövlət olaraq öz müstəqilliyini bir şəkildə qoruyub saxlayıb. Ancaq Ermənistanda illər boyu ardıcıl şəkildə dövlət orqanlarının sərəncamı ilə bizim yer adları dəyişilib. Ona görə hazırda Qərbi Azərbaycan İcmasının xətti ilə bu məsələlərə münasibət bildirilir. Azərbaycan Parlamenti rəhbərliyinin yaratdığı şərait və qayğı nəticəsində artıq 5-ci dəfədir ki, Qərbi Azərbaycanla bağlı problemlər müzakirəyə çıxarılır. Bu dəfə də çox geniş müzakirə oldu. Yer adlarının bərpası, qədim Azərbaycan yer adlarının itməməsi üçün elektron xəritələrin hazırlanması haqda faydalı müzakirə idi. Mən təklif etdim ki, akademiyada da belə bir müzakirə keçirmək lazımdır. İranda bizim nə qədər yer adları dəyişdirilir. İranda farslaşdırılan Azərbaycan toponimləri haqda da düşünməliyik. Yeni nəsil üçün indidən bu adlar qeydiyyata alınmalıdır. Sonda isə bu müzakirələrin nəticələri ayrı-ayrı kitab halında çap olunmalı və yayılmalıdır”.

Rəfiqə NAMAZƏLİYEVA