Asim Munirin ölkəmizə səfərinin böyük əhəmiyyəti olacaq - Deputat

1 Noyabr 2023 20:57 (UTC+04:00)

“Azərbaycanla Pakistan arasındakı dostluq əlaqələri böyük tarixi köklərə əsaslanır. Azərbaycan və Pakistan çətin gündə bu dostluğa sadiq qalaraq həmişə bir-birinin yanında olmuş və dəstək göstərmişdir. Belə ki, ikinci dəfə müstəqilliyimizə qovuşanda Pakistan Azərbaycanın suverenliyini tanıyan ilk dövlətlərin arasında olmuşdur. O cümlədən Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığına görə Pakistan İslam Respublikası Ermənistanı bu gün də bir dövlət kimi tanımamışdır”.

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, Azərbaycan və Pakistan beynəxalq platformalarda həmişə bir-birini dəstəkləyib və siyasi dəstəklə yanaşı lazım olan vaxtda qardaş yardımları da göstərib.

“44 günlük Vətən müharibəsi dövründə Pakistanın Türkiyə ilə birlikdə Azərbaycana açıq şəkildə siyasi dəstək nümayiş etdirməsi və lazım olacağı təqdirdə hərbi dəstək göstərcəyini də bəyan etməsi haqq işimizə müdaxilə etmək istəyən dairələri öz niyyətlərindən çəkindirmişdir. Pakistanlılar qələbəmizi böyük sevinclə qarşılamışdır. Xalqımız Pakistan və Türkiyə bayraqlarını dövlət bayrağımızla yan-yana dalğalandırmaqla qələbə sevincini yaşamışdır. Pakistanla davam edən hərtərəfli əməkdaşlığımız günü-gündən dərinləşir. Bu əməkdaşlıq iqtisadiyyatın digər sahələrində olduğu kimi hərbi sənaye və hərbiçilərin peşəkarlığının artırılması sahəsində də davam etdirilir. Azərbaycanla Pakistan hərbiçiləri birgə təlimlər keçirir və müasir silahlara yiyələnməsi bacarıqları artırılır. Bu baxımdan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin böyük əhəmiyyəti olacaqdır. Ölkələrimiz arasındakı möhkəm qardaşlıq düşmənlərimizə də bir mesajdır. Çünki bu gün Azərbaycana qarşı çirkin niyyətlərindən əl çəkmək istəməyən dairələr görürlər ki, Pakistan kimi nüvə silahına malik bir dövlət Azərbaycanın arxasındadır. Təbii ki, dostlarımızın çox olması bizim dünyada mövqelərimizi möhkəmləndirir və haqq işimizi müdafiə etməyimizə inamla addımlamağımıza böyük güc verir”.

Rəfiqə NAMAZƏLİYEVA