Pakistanın müsəlman dünyasında nüvə silahına malik yeganə dövlət olması böyük məna kəsb edir - Elman Nəsirov

1 Noyabr 2023 21:13 (UTC+04:00)

“Ənənəvi olaraq Azərbaycan-Pakistan münasibətləri strateji əhəmiyyət kəsb edir. Biz strateji tərəfdaşlarıq. İkinci Qarabağ müharibəsi əslində bir çox dövlətlərin üzündəki maskanı cırdı. Məlum oldu ki, bizim dostumuz və düşmənimiz kimdir. Kimlərin sözü ilə əməli üst-üstə düşmür bunların hər biri gün kimi aydın oldu”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

O qeyd edib ki, Azərbaycanın ən ağır zamanında, müharibənin getdiyi vaxtda dəstəkləyən dövlətlərin sırasında Türkiyə və Pakistan öndə gedirdi.

“Pakistanın indiyə qədər Ermənistanda səfirliyi yoxdur. Bunun səbəbi də aydın şəkildə göstərilib ki, Ermənistan Azərbaycan ərazilərini işğal atında saxladığına görə səfirlik açmamışıq. İşğala son qoyulmayana qədər bunun belə davam edəcəyini də vurğulayıblar. Eyni zamanda Pakistan müharibənin gedişatında bildirdi ki, Azərbaycana istənilən dəstəyi həmçinin hərbi dəstəyi verməyə hazırdır. Azərbaycanı beynəlxalq müstəvidə birmənalı şəkildə dəstəkləyib, dəstəkləyir və gələcək də dəstəkləyəcəkdir. Həmçinin Pakistanın özəlliyi ondadır ki, bu ölkədə hakimiyyət dəyişikliyi baş verə bilir daxili və xarici siyasətində dəyişikliklər özünü göstərir. Yalnız bir şey heç zaman dəyişmir. Azərbaycana olan isti münasibət və qardaşlıq. Bu gündə biz buna şahidik ki, Pakistan dövləti beynəlxalq kürsülərdə Azərbaycanın haqq işini müdafiə edir. Hər zaman da Azərbaycanın yanındadır. Bir həqiqəti də söyləmək lazımdır, Pakistan müsəlman dünyasında nüvə silahına malik yeganə dövlətdir. Bu fakt özlüyündə böyük məna və əhəmiyyət kəsb edir. Biz bu gün həmdə ona görə güclüyük ki, Türkiyə və Pakistan kimi real strateji müttəfiqlərimiz var”.

Rəfiqə NAMAZƏLİYEVA