Xankəndidə parad: İlham Əliyevin "Gücdən əmələ" devizi və tuneldən çıxan YENİ AZƏRBAYCAN qatarı

2 Noyabr 2023 13:02 (UTC+04:00)

27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizə "İrəli" əmri verməsə idi...

O gün Müdafiə Nazirliyi növbəti dəfə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsin pozulması barədə məlumat yayacaqdı.

Müdafiə nazirliyi bildirəcəkdi:

Düşmən

ORDUMUZUN POSTLARINA ATƏŞ AÇIB.

Ancaq Müdafiə Nazirliyi düşmənin cəbhə xəttində törətdiyi növbəti təxribatlarla bağlı məlumatı daha geniş idi:

"Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır".

Xalqımızın və ordumuzun illərlə gözlədiyi açıqlama saat 09:10-da yayıldı.

"Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib"- deyə Müdafiə Nazirliyi QƏLƏBƏYƏ SUSAMIŞ XALQA QUTSAL SAVAŞIN BAŞLAMASI barədə ilk müjdəni çatdırdı.

Hər kəs nigaran idi.

Ancaq narahatlıq savaşın başlamasından deyil, hərbi əməliyyatların dayandırılmaq ehtimalına görə idi.

Saat 12 radələrində prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi.

Dolğun, təsirli, qətiyyətli çıxış idi.

Ordumuza Azərbaycan torpaqlarının işğaldan azad etmək əmrini verdiyini açıqlayan Ali Baş Komandan nitqini belə yekunlaşdırdı:

"Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır"!

44 günlük müharibənin salnaməsi hər kəsə bəllidir.

Kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz bir-birinin ardınca işğaldan azad edildi.

"Keçilməz" deyilən istehkamlar yarıldı, "məğlubedilməz" adlandırılan işğalçı ordu qəhrəman Azərbaycan oğullarının qarşısında tab gətirmədi, "müasir" sayılan arsenalları cəbbəxanamızdakı yüksək texnologiyalara inteqrasiya olunmuş yeni nəsil silahlarla məhv edildi.

44 günlük savaşdakı döyüş təcrübəmizi öyrənən xarici hərbi mərkəzlərə bağlı nəşrlər təsadüfən yazmırlar ki, əgər Azərbaycan ordusunun qarşısında Ermənistan ordusundan qat-qat güclü və müasir silahlı birləşmələr olsaydı belə, Azərbaycan yenə qələbə qazanacaqdı. Çünki Azərbaycan bütün parametrlər üzrə 21-ci əsrin müharibə modeli ilə hərəkət edirdi.

10 noyabr 2020-ci ildə Ermənistan kaputulyasiya aktı qismində Üçtərəfli Bəyanat imzaladı.

Bu bəyanat 44 günlük savaşda bircə dəfə olsun fərarilik olayı yaşamamış Azərbaycan ordusunun qələbəsinin Ermənistan və Rusiya tərəfindən tanınması idi. Ağdam, Kəlbəcər və Laçının əksər hissələri hücum əməliyyatı keçirilmədən Azərbaycana təhvil veriləcəkdi. Xüsusi təyinatlı birliklərimizin dastanlaşan bir qəhrəmanlıqla Şuşanın azad etməsindən sonra Qarabağdakı maronet və cinayətkar rejimin uzun sürə mövcudluğunu davam etdirə bilməyəcəyi gün kimi aydın idi. Ermənistan ordusunun yarıdan çoxu sıradan çıxmışdısa, Xankəndiyə bayraq sancmaq artıq zaman məsələsi idi. Buna baxmayarq Azərbaycanın içində Ermənistanı məğlubiyyət şokundan çıxarmaq istəyənlər tapıldı.

Üçtərəfli Bəyanata əsasən, Laçın şəhərinin və ətrafındakı bəzi məntəqələrin, Xankəndi və çevrəsindəki yaşayış massivlərinin Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti məsuliyyət zonasında qalması tarixi zəfərimizi həzm etmək istəməyənlərin əlində bəhanəyə çevrildi. Zira, dəyişən iqlim şərtlərini, Laçın və Kəlbəcərin relyefini, Ağdama tum kimi səpələnmiş minaları göz önünə gətirəndə İlham Əliyev dayanmaq əmrini tam zamanında vermişdi. O, Şuşadan Xankəndini görərək, xalqının və ordusunun önündə yürüyərək yaratdığı reallığı ən mükəmməl şəkildə analiz edərək, atacağı addımları yüz dəfə ölçüb-biçərək Nikol Paşinyanı tüpürdüyünü yalamağa, "Qarabağ Azərbaycandır" dedirəcəyinə əmin idi.

Bəli, 44 günlük savaşda və savaşdan sonra biz də, düşmənlərimiz də, Azərbaycanı sevən və sevməyən dünya dövlətləri də İlham Əliyevi yenidən kəşf etdi. İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı institutional yaddaşı heç kimə sirr olmasa da, onun ermənilərin siyasət fəlsəfəsini və sosiologiyasını hətta SSRİ-nin dağılmasından sonra Ermənistana rəhbərlik etmiş bütün rəhbərlərinin cəmindən daha dərindən bilməsini heyrətlə qarşılamamaq mümkün deyil. Ermənilər Azərbaycanın tarixi torpaqlarında süni də olsa, dövlət yarada bilmələrinin və ərazilərini genişləndirmələrinin əsasında dayanan ən mühüm faktor qlobal təlatümlərdən faydanaraq status-kvo yaratmaq bacarıqları idi. İlham Əliyev bu paradiqmanı bütün detallarına qədər duydu, öyrəndi, təhlil etdi, çoxəsrlik erməni sisteminə "nəzarət gülləsi"ni bir sutka çəkməyən anti terror əməliyyatı ilə çaxdı.

KİV-də yayılan, eləcə də şəxsi kanallarımızla aldığımız məlumata görə, ZƏFƏR GÜNÜ Xankəndidə Silahlı Qüvvələrimizin paradı keçiriləcək.

Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət, dövlətimizi və prezidentimizi daim uca etsin, sayələrində yaşadığımız qüruru sözlə ifadə edə bilmərik. Bu əzəmətli tarixi hadisə qarşısında uzun illər məni sözün əsl mənasında hirsimdən ağladan, ürəyimi parçalayan görüntülərə bir daha nəzər salıram.

İşğal olduğu gün Laçında çəkilib.

https://www.youtube.com/watch?v=RQ9tSByF2Hs

Ermənilər işğal altında olduğu müddətdə Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma apardılar, ancaq məqsədlərinə nail ola bilmədilər. Bütün saxta tarixlərinə rəğmən, torpağın sahibləri olmadıqlarını bilməklə yanaşı, demoqrafik resursları da yetmədi. İşğala məruz qalan bütün ərazilərimizi qoyuram bir kənara, sadəcə, Laçının Hoçaz yüksəkliyinin ətrafındakı dərələri dolduracaq sayda erməni yoxdur dünyada. Bəs, necə oldu ki, millət kimi formalaşmamış bir ovuc dini sekta üzvü bu qədər ərazi işğal etdi, milyonlarla azərbaycanlını didərgin saldı, yurdlarımızı xaraba qoydu? Təfsilatına varmadan səbəbini konkret yazıram- MİLLİ SİSTEMSİZLİK!

Xankəndidəki hərbi parad, sadəcə, qələbəmizin üç illiyində ordumuzun müzəffər keçidi deyil, MİLLİ SİSTEMin və yeni respublika nizamının təntənəsidir.

İlham Əliyev Azərbaycan prezidenti, Ali Baş Komandan kimi səlahiyyətləri Konstitusiya ilə müəyyən olunan ali vəzifə sahibidir. İdeoloq və təşkilatçı kimi onun MİLLİ SİSTEM quruculuğundakı şəriksiz rolu isə tarixi missiyadır. "Gücdən əmələ" devizi ilə reallaşdırılan bu missiyanın Xankəndidə keçiriləcək törənlə tamamilə yeni bir səhifəsi açılacaq. Türkmənçay müqaviləsindən keçən 195 il ərzində ilk dəfə çibanı kökündən təmizləyərək, ayağımıza vurulan buxovu açaraq yeni dünyaya düzən verənlər arasında yer almaqdayıq. Son yüzillərdə ilk dəfə qlobal təlatümlər dövrünə MİLLİ SİSTEMlə girməyimiz misilsiz avantajdır. İlham Əliyevin timsalında kifayət qədər təcrübəli, iradəli və uzaqgörən bir lider bu fürsətləri əsla fövtə verməz.

Odur ki, Xankəndidəki zəfər paradı heç də tərəqqi yolumuzun son dayanacağı deyil, əksinə, YENİ AZƏRBAYCAN qatarının tuneldən çıxmasıdır.

Taleh ŞAHSUVARLI