"DİN-in qanunsuz silahlarla bağlı çağırışı vətəndaşlar üçün yaxşı fürsətdir" - İŞ üzvü ilə MÜSAHİBƏ

2 Noyabr 2023 22:02 (UTC+04:00)

Aznews.az analitik-informasiya portalının suallarına Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü Xalid Kazımov cavab verir

- Xalid bəy, DİN qanunsuz silah və sursatların təhvil verilməsi ilə bağlı əhaliyə çağırış edib. Bu çağırışdan sonra DİN-ə nə qədər silah və sursat təhvil verilib?

- Hazırda statistik məlumat məndə yoxdur. Bu barədə sosial şəbəkədə cənab Elşad Hacıyevin paylaşımlarını oxumuşam. Həmin məlumatlara görə, xeyli silah-sursat təhvil verilib, ancaq dəqiq sayı deyə bilməyəcəyəm. Vətəndaşlar indiyədək özlərində saxladığı qanunsuz silah-sursatları təhvil verirər. İstənilən halda bu silah-sursatların təhvil verilməsi müsbət addımdır. Daxili İşlər Nazirliyinə də təşəkkür edirik ki, belə bir çağırış edib, məsələni diqqətdə saxlayır. İctimailəşdirmənin özündə belə vətəndaşları özlərində indiyədək saxladığı qanunsuz silah və sursatları təhvil verməyə təşviq etmə var. Düşünürəm ki, vətəndaşlar da bundan yaxşı fürsət kimi istifadə edəcəklər. Bu, həm özlərinin, həm də cəmiyyətimizin təhlükəsizliyi üçündür. Hər hansı bir təhlükə yaşamamaqdan ötrü atılan addım müsbətdir.

- Qanunsuz silah sursatı təhvil verənləri hər hansı cəza gözlənilirmi?

- Açıqlanan məlumatlara görə hər hansı bir cəza gözləmir. Onların adları anonim saxlanılır.

- Qanuni silahları kimlər saxlaya bilər?

-Ünumiyyətlə ölkə ərazisində silah saxlamaq üçün xüsusi icazə almaq lazımdır. İstənilən vətəndaşın silah gəzdirmək hüququ yoxdur. Bunun üçün qanunvericiliyin müəyyən etdiyi prosedurlar var. O prosedurlara əməl edərək məsələn ov silahları üçün icazə almaq olar. Əgər kimsə həmin prosedurlara əməl etmədən özündə silah saxlayırsa, bu, qanunsuz silah saxlamaq hesab edilir. Bu şəxslər cinayət məsuliyyətinə cəlb edililir.

- Necə olub ki, vətəndaşların əlinə qanunsuz silah-sursat keçib?

-Bu müxtəlif səbəblərdən ola bilər. Birinci Qarabağ müharibəsindən sonrakı müddətdə də xeyli vətəndaşlarda silahlar var idi. 44 günlük vətən müharibəsi bizim üçün yaşatdı, ancaq işğaldan azad olunan ərazilərdə olan müxtəlif silah-sursatların vətəndaşların əlinə keçməsi də az ehtimal olsa da, mümkündür. Mən konkret olaraq bilmirəm silahlar vətəndaşların əlinə hansı yol ilə keçib. Əsas məsələ odur ki, həmin silahların soydaşlarımıza xətər yetirmədən geri yığılsın. Bu istiqamətdə hüquq mühafizə orqanları fəal iş aparır.

- Təhvil alınan silah-sursat orduya təhvil verilirmi?

- Sadə vətəndaşda olan silah Daxili İşlər Nazirliyi tərəfindən götürülür. Daxili İşlər Nazirliyi də müvafiq araşdırma apararaq onları aidiyyatı orqanlara təhvil verəcək və yaxud özündə saxlayacaq. Bütün hallarda dövlətin nəzarətə götürdüyü silahlarla qanunvericilik çərçivəsində davranılacaq.

- Təhvil verilən silahlardan cinayətdə istifadə olunub-olunmaması necə müəyyən edilir? Bunun üçün ekspertiza aparılırmı?

- Əlbəttə silahların hər biri ilə bağlı ekspertiza aparılır. Ekspertiza nəticəsində müəyyən olunur ki, indiyə kimi törədilmiş hər hansı cinayətdə bu silahlardan istifadə olunub, ya yox. Bu o qədər də çətin deyil. Çünki hər bir törədilmiş cinayətlə bağlı müvafiq sübutlar toplanılır. Təhvil verilən silahları da araşdıracaqlar.

- Cinayətlərin törədilməsində qanuni saxlanılan ov silahlarından da istifadə olunur. Bununla bağlı hansı tədbirlər görmək mümkündür?

- Ov silahı əldə etmək qanunu prosedurdur. Ov silahı almaq üçün vətəndaş DİN-dən razılıq almalı, tibbi komissiyadan keçməli, silahla davranmağı bacarmalıdır. İstənilən halda həmin silahla kiminsə həyatına qəsd edilirsə, bu zaman cinayət tərkibi yaranır. Cinayət faktı varsa, əsas məsələ silahın qanuni və ya qanunsuz olması deyil.

- Qanunsuz ov silahları mütləq təhvil verilməlidir, yoxsa onları qanuniləşdirmək mümkündür?

- Qanunsuz saxlanılan istənilən silah hüquq mühafizə orqanlarına təhvil verilməlidir. Vətəndaşların bütün silahlara sahib olması mümkün deyil. Yalnız müəyyən ov silahları üçün icazə var. Həmin silahları qanuniləşdirmək olar. Ancaq qumbara, tapança, avtomat tipli silahların heç bir halda qanuniləşdirilməsi mümkün deyil.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsi üzrə hazırlanmışdır.