Azərbaycan və Qazaxıstan həmişə beynəlxalq müstəvilərdə bir-birini dəstəkləyib - Millət vəkili

3 Noyabr 2023 22:08 (UTC+04:00)

“Azərbaycan-Qazaxıstan əlaqələrinin çox qədim tarixi kökləri var. İki ölkə eyni mədəniyyəti, etnik kökü və eyni dini paylaşır. Hazırda müstəqillik dövründən sonra hər iki dövlətin iqtisadi maraqlarının olması iki ölkə ararsında münasibətləri yeni bir mərhələyə qaldırıbdır”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, Azərbaycan Qazaxıstanla Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq iştirakçıdırlar və həyata keçirilən qlobal layihələrdə də birgə iştirak ediblər.

“Bu zamana kimi Azərbaycan və Qazaxıstan bütün beynəlxalq müstəvilərdə bir-birlərini dəstəkləyibdir. Türk dünyasının ortaq maraqları kontekstdində birgə siyasət həyata keçirməyi bacarıblar. İndiki halda Azərbaycan-Qazaxıstan münasibətləri heç vaxt olmadığı qədər əhəmiyyət kəsb edir. Çünki hər iki ölkə Türk Dövlətləri Təşkilatının aparıcı üzvləri olmaq ilə türk dünyasının beynəlxalq münasibətlər sistemində gələcək yerinin və rolunun təmin olunması istiqamətində mühüm addım atırlar. Bu gün də Qazaxıstan Türk Dövlətləri Təşkilatı dövlət başçılarının zirvə görüşünə ev sahibliyi etdi. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri ilə bağlı fikir səsləndirərkən bildirmişdi ki, Türk Dövlətləri Təşkilatı yeni dünya nizamında regional güc mərkəzlərindən birinə çevrilə bilər. Düşünürəm, elə bu istiqamətdə liderlərin Qazaxıstanda keçirilən tədbirində çox önəmli müzakirələr aparıldı. Dünya yeni nizama qovuşmaqdadır. Bu istiqamətdə öz hərbi, siyasi, iqtisadi və strateji maraqlarını uzlaşdırmağı bacaran türk dövlətləri yeni dünya nizamının gələcəyi, eyni zamanda regionumuza rifahın gəlməsi ilə bağlı mühüm qərar qəbul edəcəklər”.

Rəfiqə NAMAZƏLİYEVA