"Bölücü, radikal cərəyanlarla son dərəcə kəskin mübarizə aparmalıyıq"

29 Sentyabr 2023 18:13 (UTC+04:00)

Din və Qadın Hüquqları İctimai Birliyi Astarada Radikalizmlə mübarizədə qadınların rolu layihəsi üzrə növbəti tədbir keçirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən tədbirə icma nümayəndələri, icra hakimiyyətin, yerli hüquq-hühafizə orqanlarının nümayəndələri, din xadimləri, vətəndaş cəmiyyətinin fəalları, media təmsilçiləri qatılıb.

Din və Qadın Hüquqları İctimai Birliyinin təmsilçisi Əntiqə Qurbanova tədbirə göstərdikləri diqqətə görə toplantıya qatılanlara təşəkkür edib:“Vətəndaş cəmiyyəti olaraq bu təşəbbüsə ciddi dəstək vermənizi bölgədə problemin böyük miqyas alması, icmanın bu problemin çözülməsinə dəstək verməsi kimi dəyərləndiririk. Heç kimə sirr deyil ki, radikalizm artıq bütün ölkə üçün ciddi bəlaya çevrilir və biz toplum olaraq kənardan cəmiyyətimizin parçalanması üçün edilən bu təşəbbüslərin qarşısını almasaq ciddi təhlükəsizlik sıxıntısı yaşayacağıq. Bir sıra sosial səbəblər üzündən dinə sığınan insanların səmimi hisslərindən sui-istifadə edən bəzi din tacirləri ölkə üçün ciddi problemlər yaradırlar. Ana, həyat yoldaşı, gələcək nəsillərin tərbiyəçisi kimi qadınların bu məsələdə üzərlərinə ciddi məsuliyyət düşür və düşünürük ki, maarifləndirmə işi nə qədər geniş aparılsa, toplum bu cür təhlükələrdən daha ciddi sığortalanmış olar”.

Azərbaycanın cənub bölgəsinə radikal meyllərin əsasən İrandan din adı ilə ixrac edilməsinə diqqət çəkən Əntiqə Qurbanovanın sözlərinə görə, bəzən qadınlar da bu məsələlərə alət edilir:“Heç bir halda inkar etmək olmaz ki, insanlar bu cür radikal meylli cərəyanlara könüllü şəkildə qoşulurlar. Bunu tətikləyən mütləq bir sosial səbəb olur. Ona görə də məsələnin köklərini dərin araşdıraraq çözüm yollarını tapmaq mümkündür. Əks halda biz aysberqin üzdə olan qatı ilə mübarizə aparacağıq. Düşünürük ki, bu məsələdə ən əsası gənclərin milli-mənəvi dəyərlər sistemində tərbiyə edilməsidir. Çünki bizim gələnəklərimizdə humanizm prinsipləri əsasdır. Sayğı, diqqət, nəzakət, qarşılıqlı hörmət bizim toplumumuz üçün hər zaman ön sırada olub. Radikal meyllərin artması məhz bu özəlliklərimizi aradan qaldırır, cəmiyyətdə dialoq, birlik mühitini dağıdır, antaqonist münasibətlərə yol açır. Bölücülüyün istənilən forması isə ən güclü toplumlar üçün belə son dərəcə təhlükəlidir. Bu səbəbdən biz bölücü, radikal cərəyanlarla son dərəcə kəskin mübarizə aparmalıyıq”.

Əntiqə Qurbanova toplantı iştirakçılarına bu sahə üzrə olan qanunvericilik haqqında da geniş bilgi verib.

İcma nümayəndələri isə qadınların din adına istismarından, onların hüquqsuz vəziyyətə salınmasının yaratdığı fəsadlardan danışıblar. Onlarin sözlərinə görə, özünü dindar adlandıran bir sıra ailələr faktiki olaraq insan haqlarını pozmaqla məşğuldurlar. Əsasən də evlilik, ailə problemlərinin çözülməsi hallarında. İslam dəyərlərinə söykəndiyini iddia edən bəzi şəxslər dinin qaydalarına tamamilə zidd olaraq qadınları qərarvermədən məhrum edir, onların hüquq və azadlıqlarını məhdudlaşdırırlar. Yerli əhali bildirir ki, kənar təsirlərin gücü ilə edilən bu hərəkətlər gənclərdə etiqad problemləri yaradır, toplumun dayaqlarından biri olan dini dəyərlərin gözdən salınmasına gətirib çıxarır.

Müzakirələr zamanı səslənən əsas fikirlərdən biri cəmiyyətin bütün rıçaqlarının bu problemin çözülməsi üçün işə salınmasının son dərəcə vacibliyi olub.