İsa Qəmbərin təklifinə veto: “Bu variant dəstəklənmir”

3 Avqust 2013 10:36 (UTC+04:00)
"İsa Qəmbərin narahatlığını başa düşürəm. Doğrudan da narahatlığa əsas var. Ancaq hesab edirəm ki, bu məsələnin gündəmə gəlməsi hələ tezdir".

Bunu AzNews.az-a Milli Şuranın və "El" Hərəkatının üzvü, politoloq Zəfər Quliyev deyib. O, Müsavat başqanı İsa Qəmbərin Milli Şuranın sessiyasının çağırılması və tezliklə Rüstəm İbrahimbəyovdan başqa bir intellektual şəxsin də namizədliyinin müəyyənləşdirilməsi ilə bağlı təklifinə münasibət bildirib. Z.Quliyevin sözlərinə görə, "El" Hərəkatı bu məsələni hələ ki, müzakirə etməyib. MŞ üzvü deyib ki, indiki mərhələdə prioritet məsələ Milli Şuranın vahid namizədinin qələbə qazanması istiqamətinə yönəldilib. Z.Quliyev bildirib ki, MŞ üzvləri Tiflisdə Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğvinə qədər onun Bakıya qayıtmağının məqsədəuyğun olmadığı barədə qərara gəliblər: "İndi dəyişən yeganə şey seçki vaxtının bir həftə əvvələ çəkilməsidir. Seçki prosesi bir həftə tez başlayır deyə, dərhal öz mövqeyimizdən çəkilmək, ortaya ehtiyat namizəd çıxarmaq düzgün deyil".

Ehtiyat namizədin müəyyənləşdirilməsinin tərəfdarı olmadığını bildirən Z.Quliyev deyib ki, bu məsələ Milli Şurada heç vaxt müzakirə olunmayıb: "Milli Şuranın əksər üzvləri bu variantı dəstəkləmir. Ona görə bu məsələ hətta sessiyaya çıxarılsa belə, dəstək qazanacağına inanmıram. Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğvi məsələsi həll olunmasa və o zaman o, qurumun sədri kimi Milli Şurada bu məsələnin qaldırılmasını istəsə, biz bu barədə düşünə bilərik".

Politoloq hesab edir ki, bu məsələnin gündəmə gətirilməsi onları əsas işdən yayındırar, cəmiyyətdə çaşqınlıq və Milli Şurada əlavə ziddiyyətlər yarada bilər.

Bahar Rüstəmli
AzNews.az