Müsavatın ehtiyat namizədi məlum oldu - Açıqlama

3 Avqust 2013 11:18 (UTC+04:00)
O isə tərəddüd edir

Məlum olduğu kimi, Müsavat başqanı İsa Qəmbər ötən gün mətbuata verdiyi açıqlamada Milli Şuranın tezliklə özünün ehtiyat namizədini müəyyənləşdirməsi barədə təklif irəli sürəcəyini bildirmişdi. Müsavat başqanı MŞ-in sessiyasının tezliklə çağırılmasını və Rüstəm İbrahimbəyovun namizədliyinin saxlanması şərtilə, qurum daxilində başqa bir intellektual şəxsin namizəd kimi müəyyənləşdirməyin lazım olduğunu bildirmişdi:

"Mən çalışacam ki, şuranın növbəti sessiyası tez bir zamanda keçirilsin. Orda təklif verəcəyəm ki, Rüstəm İbrahimbəyovun namizədliyi qalmaq şərti ilə digər bir intellektualı namizəd kimi müəyyənləşdirək və avqustun 9-da seçki kampaniyası başlanan kimi həmin namizədin irəli sürülməsi işləri ilə məşğul olmağa başlayaq. İnşallah, o zamana kimi Rüstəm İbrahimbəyov öz işlərini həll edərsə, Azərbaycana gələr və artıq vahid namizəd kimi onun üçün nə lazımdırsa edərik. Problem davam eləsə, mənim təklifim qəbul olunduğu halda, Milli Şuranın yenə də seçkidə vahid namizədi olacaq".

AzNews.az Müsavat başqanının ehtiyat namizəd kimi Milli Şuranın sessiyasına kimi təqdim etmək niyyətində olduğu ilə maraqlanıb. Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, onlar Milli Şuranın ehtiyat namizədinin olmasını hələ əvvəlcədən təklif ediblər, bu məsələ isə artıq zərurətə çevrilməyə başlayıb.

G.Aslanlının sözlərinə görə, onlar Milli Şura daxilində bir neçə şəxsin ehtiyat namizəd olmaq potensialına sahibdir. O bildirib ki, indiki halda Müsavat Partiyası üçün həmin şəxslərdən biri də Mehman Əliyevdir. Müsavat rəsmisi onu da deyib ki, Milli Şuranın sessiyası partiyanın bu təklifini rədd etsə, o zaman Müsavat növbəti addımlar barədə düşünəcək: "Əgər Milli Şuranın sessiyasında bu məsələ ilə bağlı razılaşma olmasa, o zaman biz də situasiyaya uyğun qərar verəcəyik".

"Turan" İnformasiya Agentliyinin baş direktoru və Milli Şuranın İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri Mehman Əliyev isə AzNews.az-a açıqlamasında deyib ki, onun bu məsələ ilə bağlı heç bir iddiası yoxdur: "Rüstəm İbrahimbəyovun də vahid namizədliklə bağlı iddiası yox idi. Ancaq sonradan vahid namizəd kimi onu müəyyənləşdirdilər. İndiki halda mənim də ehtiyat namizəd olmaqla bağlı heç bir iddiam yoxdur. Ancaq əgər cəmiyyətə bu lazımdırsa, mən bu barədə düşünə bilərəm".

M.Əliyev bildirib ki, indidən MŞ-in ehtiyat namizədi olmaqla bağlı nəsə demək tezdir: "Vəziyyətə baxmaq lazımdır, görək, nə istəyirlər. Baxmaq lazımdır ki, kimlə, hara gedirsən, boynuna hansı məsuliyyəti götürürsən".

Tanınmış media rəhbərinin sözlərinə görə, o, bu günə qədər mediada bütün həmkarlarını müdafiə edib, ancaq sonda tək qalıb: "Ən pis vaxtlarda hamını müdafiə etdim, ancaq sonra onlar gedib hakimiyyətlə anlaşdılar, mən isə ortada tək qaldım. Siyasətdə də belə ola bilər. Ona görə də kimlə, hara getdiyini yaxşı fikirləşməlisən. Belə bir təklif olsa, mən də ətraflı götür-qoy etdikdən sonra münasibət bildirəcəyəm".

Qeyd edək ki, hələ bir neçə ay öncə Mehman Əliyevin müxalifətin vahid namizədi olacağı barədə xəbər vermişdik.

Anar Gəraylı