Xəstələrin qeydiyyatı üçün yeni sistem

3 Avqust 2013 18:20 (UTC+04:00)
Səhiyyə Nazirliyi tərəfindən Stasionarların Fəaliyyətinə Elektron Nəzarət Sistemi (SFENS) yaradılıb.

Nazirlikdən verilən xəbərə görə, Stasionarların Fəaliyyətinə Elektron Nəzarət Sistemi 2 moduldan - Jurnal/Qeydiyyat modulu, AZS Forma 066 modulundan ibarətdir.

Sistem ümumilikdə stasionar xəstəxanalara müraciət edən xəstələrin qeydiyyata alınması (xəstəlik tarixinin açılması) üçün yaradılıb. Sistemin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, xəstələrin bütün respublika üzrə stasionarlara daxil olma müraciətləri vahid bazada toplanır və prosesə nəzarət edilir.

Bundan əlavə, bütün respublika üzrə vətəndaşların hansı stasionar xəstəxanaya müraciət etməsindən asılı olmayaraq onların bütün tibbi məlumatları Səhiyyə Nazirliyinin vahid bazasında öz əksini tapır. Bu isə bütün xəstələrin xəstəlik tarixçələri ilə birlikdə bütünlüklə qeydiyyatı deməkdir.

Hər iki moduldan istifadə etmək üçün müəssisəyə əvvəlcədən Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən istifadəçi adı və şifrəsi verilir. Bütün daxil edilən tibbi məlumatlar, onların doğruluğu Səhiyyə Nazirliyi tərəfindən tam nəzarətdədir. Modullar respublikanın bütün stasionar fəaliyyət göstərən xəstəxanalarında hazırda online rejimdə istifadədir.

AzNews.az