Həsən Ruhani bu gün and içəcək

3 Avqust 2013 11:22 (UTC+04:00)
Bu gün İranın ali dini lideri Seyid Əli Xamneyi cari ilin iyun ayında ölkədə keçirilən prezident seçkilərində qalib gəlmiş Həsən Ruhanini prezident vəzifəsinə təyin olunmasını təsdiqləyəcək.

APA-nın "Press TV" kanalına istinadən verdiyi məlumata görə, Tehranda yerli vaxtla saat 17:00-da başlayacaq mərasimdə H.Ruhani İran prezidenti vəzifəsində Mahmud Əhmədinejadı əvəz edəcək. Bundan sonra o artıq rəsmi olaraq ölkəni dörd il ərzində idarə etməyə başlayacaq.

Avqustun 4-də isə Həsən Ruhani İran parlamenti qarşısında and içəcək. Mərasimdə 11 ölkənin prezidentləri, onlarla parlament sədrləri, xarici işlər nazirləri və vitse-prezidentləri iştirak edəcək. Azərbaycandan mərasimdə Milli Məclis sədri Oqtay Əsədov iştirak edəcək.

Qeyd edək ki, iyunun 14-də keçirilən seçkilərdə H.Ruhani 50.71 faiz yığaraq prezident seçilib.

AzNews.az